Azərbaycanda yaşa görə müavinət alan şəxslərin sayının artmasının səbəbləri açıqlanıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, artıq sırf sığorta prinsiplərinə keçidin təminatı ilə bağlı olaraq, hesabında ən az 110 manat, yəni pensiyanın formalaşmasına imkan verən qədər vəsait toplanmayan şəxslərin əmək pensiyası almaq hüququ olmayacaq:
"Praktika göstərir ki, bu, yaşı gəlib çatmış şəxslərin pensiya almaq hüquqlarını müəyyən qədər azaldır. Çünki işləmək, əmək haqqını leqallaşdırmaq və sosial sığorta haqları ödəmək lazımdır ki, bu vəsait hər kəsin hesabında toplansın, onun pensiya almasına imkan yaratsın. Bu imkanlar yoxdursa, həmin şəxs pensiya ala bilmir. Onlar yaşa görə sosial müavinət almaq məcburiyyətindədir. Buna görə də bu insanların sayı müəyyən qədər artır”.
Maraqlıdır, hesabında 110 manat olması üçün nə qədər işləmək lazımdır? Bu 110 manat ümumi məbləğdir, yoxsa aylıq?
Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov "Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən məsələdə müəllif yanlışlığa yol verib: "Hesabında ən az 110 manat vəsaitin olması barədə yazılanlar absurddur. Bir şəxsin əmək pensiyası alması üçün hesabında 15 min 840 manat pul olmalıdır. Azərbaycanda pensiya almaq yaşı 12 il müəyyən olunub. Hazırda ölkədə minimum pensiya məbləği 110 manatdır. Düstur belədir: 12 il x 12 ay x 110 manat = 15 min 840 manat. Amma yuxarıda yazılan yazı elə təqdim olunub ki, hesabında 110 manat vəsaitin olması üçün 1 ay işləyib 500 manat əməkhaqqı almaq kifayət edir. Ən azı ayda 110 manat minimum pensiya almaq üçün hesabında 15 min 840 manat pul olmalıdır. Yoxdursa, vətəndaş əmək pensiyası ala bilməyəcək. Vətəndaşın pensiya alması üçün hesabında toplanan məbləğin qalan hissəsini cibindən qoya bilər. Yaxud da özü əlavə yığım və ya artıq köçürmə etməklə o həddə çatdıra bilər. Bu olmasa, işləyən şəxslər əmək pensiyası ala bilməz”.
Pensiya alma qaydalarını bu qədər qəlizləşdirməyə ehtiyac varmı?
Hüquqşünas qeyd edib ki, bütün dünyada pensiya almaq prinsipi belədir - vətəndaş nə yığırsa, onu da alır: "Azərbaycanda isə yığım getmir. Yəni, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işçilərlə əmək müqavilələrinin tam bağlanmasını təmin edə bilmir. Nəticədə 110 nəfər işləyən şəxsə 100 nəfər pensiyaçı düşür. Yəni, 11-12 işləyən şəxs 10 nəfər pensiyaçını saxlamalıdır. Bu da mümkün deyil axı. İşləyənlərin maaşından çıxılan məbləğ pensiyanı ödəməyə kifayət etmir. Ona görə də dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daimi transfertlər edilir. Əslində normal sosial yığım prosesi getsə, DSMF-nin büdcəsində milyardlarla vəsait yayınmasa, onda vəziyyət başqa cür olardı. Amma indi bu Fonda nə yığırsansa, onu da alırsan”.
Qanun dəyişilərsə...
Sahib Məmmədov onu da əlavə edib ki, Azərbaycanda ən çox dəyişən qanunlardır: "Qanunu hökumətdən başqa heç kim şərh edə bilmir. Ölkədə minimum əmək pensiyası 110 manat müəyyən olunub. Əgər şəxs hesabına 15 min manat yox, 30 min manat yığıbsa, bu zaman o, 220 manat əmək pensiyası alacaq. Bu məsələ işləməyənlərə şamil olunmur. İşləməyən dişləməz prinsipi. Eyni zamanda əlliliyi olub işləmək qabiliyyəti olmayan şəxslər də var. Elə əlillər də var ki, onların işləmək qabiliyyəti var. Ümumiyyətlə, qocalığa görə hansısa təminat olmalıdır. Bu, Konstitusiyanın tələbidir. Amma işləmək qabiliyyəti olub işləməyən şəxslər əmək pensiyası ala bilməz, lakin başqa pensiya növlərini ala bilərlər”.
Qaynarinfo.Az
Şərhlər