Sənət 23:48 30.09.2014

Hansı dildə kino?

Pərviz ƏZİMOV

Bu yazını 5 gün əvvəl yazmaq istəyirdim. Anidən xəstələnməyim, biraz gecikməyimə səbəb oldur. 1 aya yaxındır, mediada və sosial şəbəkələrdə müzakirə mövzularındna biri də kinoteatrlarda göstərilən filmlərin dili ilə bağlıdır.

Məlum oldğu kimi, Azərbaycanda fəaliyyət göstərən kinoteatrlarda  göstərilən xarici filmlərin hamısı (Türkiyə istehsalı olan filmlər xaric) Azərbaycan dilinə dublyaj edilmədən rus dilində nümayiş etdirilir. Bir tamaşaçının Park Cinema ilə etdiyi tənqidi zarafatdan sonra məsələnin müzakirəsi böyüdü. Hətta bir neçə  cəbhə yarandı. Bəziləri dedi ki, filmlər Azərbaycan dilində olsun, bəziləri dedi, yox rusca qalsın, bəziləri də “siyasətə qarışmıram” deyənlər kimi “burada kinoteatrların heç bir günahı yoxdur” deyərək, fikir bildirilər.

Əslində, necə olmalıdır?

Bu mövzu haqqında 1 il əvvəl kultura.az saytında bir yazım yayımlanmışdı. Yenə mövzuya qayıtmaq vacib imiş. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən 15 iyul 2011-ci il tarixindən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kinoteatrlarda filmlər azərbaycan dilinə dublyaj edilməlidir.

Qərarda qeyd olunur ki, bu hətta özəl kinoteatrlara da şamil olunur. Qərarın qüvvəyə minməsindən düz 2 il yarım vaxt keçsə də, indiyə qədər heç bir kinoteatr buna əməl etməyib. 

“Burada kinoteatrların heç bir günahı yoxdur” deyənlər ortada çox hoppanıb - düşməyə başlayacaqlar ki, ölkədə normal infrastruktur yoxdur, dublyaj studiyaları fəaliyyət göstərmir, kinoteatrlar neynəsin?!”

O zaman universitetlərdə sizdən rüşvət alan müəllimləri niyə qınayırsız bəs? Onların da maaşı 300 manat yox, 3000 manat olsa rüşvət almadan yaşayacaqlar.

Birincisi, universitetdə rüşvət alan müəllimi ona görə qınayırıq ki, maaşı azdırsa, ölkədə olan müəllim ordusu birləşib, maaşının artmasını tələb edə bilər, etmirlərsə, bizdən rüşvət almağa haqları yoxdur. Ən azından, etiraz etməsələr belə, qarnında topa bülleten daşıyan insanları qınamaq lazımdır. O cümlədən kinoteatrlar və onların rəhbərli yaltaqlana - yaltaqlana biznes qurublar, problemin həlli üçün heç bir cəhd göstərmirlərs, demək ki, günahları var.

Digər tərəfdən, çox güclü infrasturktur tələb etmədən də bu işi həll etmək olar. Yuxarıda qeyd etdiyim qərarın qəbul olunduğu il nazirliyin “kinomatoqrafiya şöbəsi”nin sektor müdiri Yusif Şeyxov Anspress-ə açıqlamasında bildirmişdi ki, kinoteatrlar filmləri istənilən variantda dublyaj edə bilərlər: “Bu qərar “Dövlət dili haqqında qanun”un tələblərinə cavab verir. Kinoteatrların rəhbərlərilə keçirilən müşavirədə məsələ müzakirə olundu. Beləliklə, kinoteatr rəhbərlərinə bir aya yaxın vaxt verildi ki, bu işə hazırlıq görsünlər."

Yəni ki, səsli dublyaj mümkün deyilsə, o zaman subtiter (altyazı) vasitəsi ilə bunu etmək mümkündür. Çox yox, əlavə 3 işçi və 2 kompüter lazımdır. 2 tərcüməçi, bir montajçı. İşi sürətləndirmək üçün, 5 işçi də ola bilər. Ona görə də, xahiş edirəm, kimsə “marjinallıq” etməsin. Kinoteatrlar istəsə, bunu edə bilər, sadəcə canları çıxır, əziyyət çəkmək istəmirlər.

Bəs niyə mütləq Azərbaycan dilində olmalıdır?

Əvvəla, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə və 30 sentyabr 2002-ci ildə qəbul olunan “Dövlət dili haqqında qanun”a müvafiq olaraq Azərbaycan dilidir.

Bu qanunun tələblərinə uyğun olaraq, ölkə ərazisində olan bütün yazışmalar (hətta xarici təşkilatlarla aparılan yazışmalar), yayımlar, nümayişlər və nəşrlər Azərbaycan dilində olmalıdır.

Kimsə mənə izah edə bilərmi, niyə mən dövlət dili Azərbaycan dili olan bir ölkədə başqa dildə filmə baxmağa məcbur olmalıyam?

Digər tərəfdən, filmə baxmağı qoyaq kənara, ümumiyyətlə, niyə kinoteatrlardan tutmuş, bir çox xidmət sahələrinə qədər, bu “cool” görünmək istəyən rusdilli düşük kütlənin dilində danışmaq məcburiyyətində olmalıyam?! Yəni xidmət göstərən hansı haqla mənimlə rus dilində danışır?

Öz aləminizdə məni “patriot” adlandırarsız, bəlkə də bu etdiyiniz ən böyük bayağılıq olacaq. Çünki patriot olma ehtimalı sıfıra bərabər olan biri kimi deyə bilərəm ki, bu dediklərim sadəcə etik məsələlərdir. Nə ABŞ-da hansısa xidmət sahəsində işləyən işçinin mənimlə sipan dilində danışmasının, nə də məsələn Almaniyada hansısa xidmət göstərənin mənimlə ingilis dilində danışmasının şahidi olmuşam.

Ümumiyyətlə, Azərbaycandakı rusdilli çevrə nələri ilə öyünür? Azərbaycanın mədəni, ictimai, siyasi həyatında nə rol oynayıblar?  Rusdillilərin bəlkə də bu ölkədə qürur duya biləcəkləri ən ciddi adam Elmar Hüseynovdur, ancaq sorğu keçirsək, 99.9 faizi Elmar Hüseynovu tanımaz.

Başqa kimləri var? Heç kim. Adamlar rusdilli olmağı öz beyinlərində o qədər böyüdüblər ki, ömürlərində az qala kitab oxumurlar. Rus dilində yazmış, bütün dünyanın sevə - sevə oxuduğu Tolstoyu, Dostayevskini Azərbaycandakı alı irq olan qlamur “ruskiyazıçnı”ların çoxu oxumayıb. 

Nə ilə öyünürlər bəs?

Ən yaxşı yolu, deyəsən, mən tapmışam. Getdiyim yerdə, xidmət göstərən şəxs mənimlə rus dilində danışırsa, talış dilində cavab verirəm. Heç nə anlamayan opponent işini bilir, dərhal Azərbaycan dilinə keçir. ///Meydan.TV