Elnur Astanbəyli
Antiədəbiyyat qurumuna çevrilmiş, ədəbiyyatla, ədəbği proseslə heç bir bağı qalmamış, faktiki Ədəbiyyat Nazirliyi funksiyasını yerinə yetirən Yazıçılar Birliyinin öz tarixinə növbəti qara ləkə olaraq keçən qurultayı həm də son vaxtlar ictimai çevrələrdə, KIV səhifələrində artan “ziyalı vicdanı” mövzusunda müzakirələr fonunda keçirildi.
Qurultayda iştirak və çıxış edənlər arasında bir zamanlar pis-yaxşı vətəndaş mövqeyi sərgiləyənlər vardı, baxmayaraq ki, yeni ədəbi nəsildə onların estetik dünyagörüşü daim tənqid ünvanı olub, ictimai məsələlərdə tutduqları mövqenin səmimiyyəti isə həmişə şübhə yaradıb.
Bu şübhələrin haqsız olmadığı AYB-nin qurultayında bütün çılpaqlığı ilə ortaya çıxdı, son illərdə ölkənin bu günü və gələcəyi ilə bağlı narahatlıqlarını içlərinə gömən, guya “hər şeydən iyrənib susan” bəzi müxalif şair-yazıçılar çıxıb Anarın 30 illik ədəbi monarxiyasının züyçüsünə çevrildilər, bununla da kifayətlənmədilər, topun ağzını bu məddahlıq təşkilatını və onun rəhbərliyini tənqid edənlərə döndərdilər. Əcəb etdilər. Bunun belə olacağı çoxdan bəlli idi. Sadəcə, çoxlarındakı daxili köləlik duyğusu bunu 5-10 il əvvəldən görməyə imkan vermirdi.
Yadımdadı, 2000-ci illərin əvvəllərində bir xeyli şair-mair, yazıçı-mazıçı, professor-mrofessor AMAL adlı ziyalı hərəkatı yaratmışdılar, xatırlayıram ki, o vaxt yazıların birində mən bu təşkilatın adını AMAL yerinə “MƏNI DƏ AL” kimi yazmışdım, həmin illərdə xeyli adam deyirdi bu qədər nihilizm-filan olmaz, onlar bizə lazımdı-zad.
Amma zamanla məlum oldu ki, bir-iki istisna ilə vəziyyət həqiqətən də fərqli deyilmiş, yoxsa hanı indi o AMAL-çılar? Gün kimi aydın oldu ki, bunlar doğrudan da olsa-olsa yaxşı günün “ziyalıları”dır, nə vaxtadək ki, müxalifət güclü idi, onun hakimiyyətə gəlmək şansları yüksək idi, bunlar pis-yaxşı həqiqəti deyirdilər, elə ki, ümidlər, imkanlar azaldı, irtica gücləndi, yavaş-yavaş döndülər quzuya. Biri özünə görə susdu, o biri övladına, başqa biri kürəkəninə görə.
10 il əvvəl siyasi monarxiyanın bərqərarına etiraz edirdilər Allah qoymasa. Bu gün çıxıb ədəbi monarxiyanın təntənəsinə öz layiqli töhvələrini verirlər.
Bir daha yazıram, gözlənilməz deyildi. Sadəcə, insanlara və hadisələrə yalnız açıq gözlə deyil, bəzən həm də açıq beyinlə baxmaq lazımdı. O zaman işlərin hara getdiyini, gedəcəyini daha dəqiq görmək mümkündür.
Bəli, mənim də zaman-zaman haqqında müsbət düşüncələr yazdığım, amma bir gün gəlib gerçək sifətini görərkən o cümlələri yazdığım yerdə barmaqlarımın qırılmasını, əlimin qurumasını arzuladığım məqamlar çox olmasa da, hər halda olub. Məsələ də burasındadır: kiminlə bağlısa yanıla bilərsən, amma barı yanıldığını görəndə bunu açıq söyləmək, onu yeni adıyla çağırmağı bacarmaq lazımdır. Yoxsa nədir inadla hələ də artıq hansı bağın gülü, hansı gülün bülbülü, hansı dağın yeli olduğunu bütün çılpaqlığı ilə ortaya qoyanlara davam edən heyranlıq? Onları sudan quru çıxarmaq cəhdləri?
Prinsipləri şəxslərə, dəyərləri fərdlərə qurban verə-verə nəyə ümid edirik, hara gedirik axı?
Niyə kiminsə keçmişdəki xidmətləri bu gün onun yanlışlarına, yalanlarına, yaltaqlığına bəraət qazandırmalıdır?
Azərbaycanda elə vəziyyət yaranıb ki, ölkədə xeyirlə şərin, aydınlıqla qaranlığın, pislə yaxşının sərhədləri heç vaxt bu qədər aydın olmayıb. Bəs elə isə mövqelər niyə aydın olmasın? Niyə unuduruq ki, arzuladığımız idarəetmə və cəmiyyəti qurmaq yalnız və yalnız müdafiə etdiyimiz, carçsısı olduğumuz dəyərlərlə bütövləşməkdən gedir.
O dəyərləri həyatın heç bir sahəsində - yalnız siyasətdə yox, ədəbiyyatda, mədəniyyətdə, qəzetçilikdə, hüquqçuluqda, hər sahədə, hər sahədə! - qorumaqdan, mühafizə və müdafiə etməkdən gedir.
O dəyərləri neçə illik dostumdur, qohumumdur, yerlimdir deyib yanlış, yaman yoldakı kimsənin ayağına verməməkdən gedir.
Həm demokratik ideallardan, çağdaşlıq, azadlıq, ədalət kimi uca dəyərlərdən bəhs edib həm də hansısa şəxsi münasibətlərə görə bir saray yazıçısı, irtica keşikçisi barədə “o mənim üçün dəyərdir” deməməkdən keçir.
Bunu anlamaq bu qədərmi çətindir bəyəm?
Azadlıq.info
Şərhlər