Xəbər lenti

Hava çirkliliyi ilə ağciyər xərçəngi arasında qorxulu əlaqə aşkarlandı
Sağlamlıq 23:30 20.07.2025

Hava çirkliliyi ilə ağciyər xərçəngi arasında qorxulu əlaqə aşkarlandı

Yeni bir araşdırma göstərir ki, ağciyər xərçəngi yalnız siqaret çəkənlərin taleyi deyil. Alimlər siqaret çəkməyən şəxslərdə hava çirkliliyinin səbəb olduğu genetik mutasiyaların bu xəstəliyin yaranmasında təəccüblü dərəcədə mühüm rol oynadığını müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmada siqaret çəkməmiş şəxslərdə ağciyər xərçənginə səbəb olan müxtəlif genetik dəyişikliklər araşdırılıb və bu mutasiyaların əsas səbəbinin məhz hava çirkliliyi ola biləcəyi qeyd olunub.

Tədqiqat çərçivəsində Afrika, Asiya, Avropa və Şimali Amerikada yerləşən, hava çirkliliyi səviyyələri fərqli olan 28 bölgədə yaşayan və siqaret çəkməyən 871 nəfərin ağciyər şişləri təhlil edilib. DNT-də aparılan dəqiq genom ardıcıllığı analizləri nəticəsində mutasiya nümunələri "molekulyar barmaq izi" kimi müəyyən olunub. Bu izlər, hüceyrələrin keçmişdə məruz qaldığı kimyəvi maddələrin və ya çirkləndiricilərin təsirini ortaya qoyur.

Alimlər bu genetik nəticələri peyk və yerüstü cihazlarla toplanan hava çirkliliyi məlumatları ilə birləşdirdikdə, diqqətəlayiq nəticə əldə olunub. Siqaret çəkməyən şəxslərdə yüksək səviyyədə mikroskopik hissəciklərə (PM2.5) məruz qalma, ağciyər şişlərində daha çox genetik mutasiyalara səbəb olub.

Daha da önəmlisi, bu mutasiyalar təsadüfi deyilmiş. Araşdırma göstərib ki, hava çirkliliyi ilə əlaqəli qruplarda xərçəngin yaranmasını birbaşa tətikləyən "sürücü mutasiyaların" sayı nəzərəçarpacaq dərəcədə artıb. Hələlik hava çirkliliyinə xas dəqiq bir mutasiya izi müəyyən olunmasa da, mutasiyalarla hava çirkliliyi arasında güclü əlaqənin təsdiqlənməsi gələcək tədqiqatlar üçün mühüm addım sayılır.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri odur ki, hava çirkliliyinə bağlı bəzi mutasiya izləri, siqaret çəkən şəxslərdə tez-tez rast gəlinən genetik dəyişikliklərlə demək olar ki, eynidir. Xüsusilə müəyyən bir mutasiyanın çirkli hava şəraitinə məruz qalan şəxslərdə təxminən dörd dəfə daha çox göründüyü müəyyən olunub. Bundan əlavə, təbii qocalma prosesi ilə əlaqələndirilən bir digər mutasiyada isə 76% artım müşahidə edilib.

Bu nəticələr göstərir ki, uzunmüddətli hava çirkliliyinə məruz qalmaq hüceyrə səviyyəsində siqaret çəkmək və ya təbii qocalma ilə müqayisə edilə biləcək zərər verə bilər. Hava çirkliliyinin sağlamlığa zərərli olduğu uzun illərdir bilinsə də, bu araşdırma onun genetik səviyyədə yaratdığı dərin təsirləri ortaya çıxararaq riskin ciddiliyini daha aydın şəkildə göstərir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->