ABŞ-ın Havay adalarındakı bazasında soyuq müharibə illərindən qalan nüvə xəbərdarlığı stansiyası uzun müddətdən sonra ilk dəfə sınaqdan keçirilib.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, Şimali Koreyanın sonuncu raket sınaqlarının ardından ABŞ-da nüvə təhülükəsi ilə bağlı xəbərdarlıq siqnalları çalınıb.
Havay adalarında həyata keçirilən sınaqların ardından Havay Fövqəladə Hallar Agentliyinin rəsmisi Vern Miyaqi mətbuata açıqlama verib. O, sunami və təbii fəlakətlərlə bağlı adada tez-tez xəbərdarlıqlar edilməsinə baxmayaraq, nüvə siqnallarının digərlərindən fərqləndiyini və insanların bu xəbərdarlığı anlamasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Fasilələrlə ötürülən siqnallarla ada sakinlərinə və turistlərə qapalı yerlərə getmələri bildirilib.
Xatırladaq ki, Şimali Koreya noyabrın 28-də daha bir raket sınağı həyata keçirmiş və raket 4,447 kilometr hündürlüyə qalxaraq, 950 kilometr məsafə qət etmişdi. 53 dəqiqə havada qalan raketin ABŞ-ın paytaxtını vura biləcəyi istisna edilmir.
Bütün bunlara baxmayaraq hələ də diplomatik danışıqların davam etdirilə biləcəyinə inanan ABŞ belə bir hücumun olacağı təqdirdə Şimali Koreyanın yer üzündən silinəcəyi mesajını verib.
Vaşinqton və Pyonqyanq aprel ayından bu yana dəfələrlə nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qalıblar. Bu il ərzində 20-dən çox raket sınağı həyata keçirən Kim Çen İnə qarşı ABŞ prezidenti Trampın Çin üzərindən təzyiq göstərmə həmlələri görünür ki, uğursuz alınıb.
Qeyd edək ki, aylardır Tramp və Kim arasındakı söz atışmaları davam edir. Bir-birlərinə müxtəlif mesajlar verən prezidentlər, təhqir dolu sözlərdən də qalmırlar. ABŞ prezidenti sonuncu dəfə "robot adam"a "xəstə it küçüyü" demişdi.
Çingiz
Şərhlər