Mehman Sadıqov: “Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində qiyam və ya iğtişaş baş verməyib”
“Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində hər hansı qiyam və yaxud iğtişaş baş verməyib ”. Bu açıqlamanı APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
M. Sadıqov bildirib ki, orada qiyam baş verməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur: “Bizdə konvoy dəstələri planlı şəkildə hər həftənin şənbə günü barələrində hökm çıxmış və Qaradağ rayonunda yerləşən cəzaçəkmə müəssisələrindən birində cəzasını çəkməyə məhkum edilmiş məhkumları istintaq təcridxanasından müəssisəyə, həmçinin həmin müəssisələrdə olan xəstə məhkumlar müalicə müəssisəsinə aparır”.
Qeyd edək ki, bəzi xəbər saytlarında 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların qiyam etdikləri barədə məlumatlar yayılıb. Həmin məlumatlarda məhkumların saxlanma şəraitinə etiraz etdikləri və əraziyə xüsusi konvoy dəstələrinin cəlb olunduğu vurğulanıb.
_____________
13:54
Hazırda qiyama qalxan məhkumlarla danışıqlar aparılır və hadisənin böyümədən yatırdılması istənilir.
Bu gün Qaradağ rayonunda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan şəxslər qiyam qaldırıb.
AzNews.az-a verdiyi məlumata görə, hazırda qiyama qalxan məhkumlarla danışıqlar aparılır və hadisənin böyümədən yatırdılması istənilir.
Əməkdaşımız bildirir ki, bu dəqiqələrdə 12 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məxsus “voronoklar” var. Həmçinin, həbsxananın qarşısına xeyli sayda əli avtomatlı əsgərlər də cəlb edilib.
Əməkdaşımızın əldə etdiyi məlumata görə, həbsxanadakı qiyamın böyüməsi ehtimalını nəzərə alaraq müəssisəyə yeni dəstək qüvvələri göndərilir.
Penitensiar Xidmətin informasiya şöbəsinin rəhbəri Mehman Sadıqov məsələ ilə bağlı açıqlamasında qiyam xəbərini təsdiqləməsə də, 12 saylı Cəzaçəkmə Müəssisəsinə xüsusi konvoyların göndərildiyini bildirib. O, bunun məhkumların Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı olduğunu deyib.
Daxil olan məlumatda isə israr edilir ki, həbsxanada baş verən həqiqətən də qiyamdır. Məhkumlar həbsxanadakı şəraitə etiraz olaraq bu yola baş vurublar. Qeyd edək ki, əməkdaşımızın bildirdiyinə görə, hazırda hələ də məhkumlarla danışıq aparılır.
Qaynar.info
Şərhlər