Orxan Saffari
Sənət 14:11 16.03.2020

Heç vaxt tanıya bilmədiyim və bilməyəcəyim Mövlud...

Mövlud Mövludun il dönümüdür. Onun xatirəsinə ancaq içimdən gələn bu yazını ithaf edə bilərəm. Ruhun şad olsun, Mövlud.

*
Mövlud Mövludla dost olmaq heç vaxt nəsibim olmadı, tanıya bilmədim onu. İndi ondan geriyə bircə öldüyü günü bilirəm, bir də heç vaxt onu tanımayacağım həqiqətini. Təəssüf ki, bir dəfə də olsun oturub içmədik, bir tikə çörək, bir kəlmə söz kəsmədik onunla. Allahdan bir dəfə də olsun dalaşmadıq heç, əsəbiləşib söyüş də söymədik.

Belə olsaydı, indi heç olmasa, ağız dolusu danışardım, yadıma salıb ağlayacağım dostlar siyahısına yazardım adını. Hər dəfə intiharı yadıma düşdükcə "ay əclaf!" deyərdim...

Ay adı daşlara yazılmış, Mövlud!
Özümə təsəlli edərdim də!

Nə bilim, bəlkə də şeir deyərdim onunla görüşəndə, yazdığım hekayələri oxuyardım. Çünki mən də Mövlud kimi hekayədə çoxlu nöqtə qoymağı sevirəm... çox güman ki, bu kimi şeylərə görə bir-birimizi tərifləyib uğunardıq da...

Yəqin o da mənə "Ayə, a qıvlasız, bu boyda boyun-buxunun var, get axrana işlə də. Adam da bu boyda bədənlə hekayə yazar, şeir deyər heç?! Sən Allah bir musqulunu şişirt baxım", - deyib, zarafatlaşardı. Sonra da üzümə baxıb, "sən də bu cür bədbəxtsən” ədası sərgiləyərdi.

Mən Mövludu şəkillərlə tanıyıram ancaq. Bir də dostları ilə. Nə bilim, bir az Qəşəmin yetimçəsiynən, bir az sonbeşik Ayxanla, bir az qazaxlı Hikmətnən, bir az da başqalarıynan. Hərədən bir az-bir az tanıyıram Mövludu. Hamıda bir az Mövlud var...

Təəssüf ki, onunla aramda iynənin ucu boyda xatirə belə yoxdur. Yoxsa indi o hekayələrini vərəqdə çap edib gəzdirdiyi kimi, mən də onunla xatirələrimi çap edib gəzdirirdim.

Həm sənin haqqında o qədər şeir qoşdular, yazı yazıdılar, çap elədirlər ki, heç indən belə 17 il də yaşasan o qədər yaza bilməzdin, gözəl Mövlud...

*
Bilmirəm niyə, heç vaxt tanıya bilmədiyim və bilməyəcəyim Mövludun tez-tez şəkillərinə baxıram, yazılarını oxuyuram. Bir də görürəm ki, onun bir yazısında mən də varam. Elədiyi söhbətlərin bəzilərini mən də eləmişəm. Tanımadan, bilmədən həm də...

*
Oğlu Ucalın şəklinə baxıram.
Mövludun 17-ci qata Ucaldığını, yerə düşdüyünü və təzədən göyə Ucaldığını xatırlayıram. Getdiyi yerəcən ucalan Mövlud!

Səni niyə çox istədiyimi özüm də bilmirəm, vicdan haqqı! Sən mənə doğmalığın qədər uzaqsan, olmadığın qədər yaxınsan...

*
Sənə bir şey də deyim. Yaxınlarda araq, can dostlarınla birgə oturmuşduq. Yerin məlum, içirdik də.
Birdən Şahin Yüksəl mənə sağlıq dedi:
- Orxanın baxışı da, danışığı da, gülüşü də mənə Mövludu xatırladır...
Sonra Murad Köhnəqala dilləndi:
- Hətta simaca da oxşayır. Orxan da Mövlud kimi saf və təmizdir...

Qısası, məni sən eləyib qoydular ortaya. Sonra bilirsən, nə dedilər?
Dedilər ki, bəxti oxşamasın təki...
A mənim bəxtsiz Mövludum!..

Sonra bu bənzətmələr kütləviləşdi. Dostlar yavaş-yavaş sənləşdirməyə başladı məni. Ayxanla hərdən söhbətləşəndə gözümün içinə baxıb "Mövlud da belə edərdi, Mövlud da sənin kimi idi" deyir.
Hələ bir dəfə küsdük onunla. Daha doğrusu, mən küsdüm. Axırda da barışası olduq.
Yolun qırağı ilə qol-boyun gəzə-gəzə, söhbət edə-edə şəhərə gəlirdik. Birdən dedi ki, Mövlud da sənin kimi belə adi şeylərə görə küsür, dalaşırdı mənimlə.

Çalışacam ki, bir də Ayxanla küsməyim, Mövlud...

*
Ay qıvlasız, qayıdıb özün ola biləydin kaş. Çünki mən sən olmaqdan qorxuram. Daha doğrusu, sən olmaq istəmirəm, ola bilmərəm bəlkə də.

Qəşəmin yetimçəsi ilə də pivə içən kimi səni xatırlayır. O ki əlimi atıram pendirə, elə ki, əlimə 3-4 saçaq birdən gəlir, həmin dəqiqə deyinməyə başlayır:

"Orxan, bu doymaq üçün deyil e, ağızın dadın dəyişmək üçündü".

Sən demə, sən Kərəmə həmişə belə deyirmişsən. İndi Kərəm həmişə mənə belə deyir. Biz hamılıqla səni deyirik, səni. Amma sən yoxsan.

Mövlud, Mövlud, gözəl Mövlud.....
 
Orxan Saffari