Xəbər lenti

Həkimlər həyəcan təbili çalır: Ölümcül göbələk dünyaya yayılır
Sağlamlıq 19:42 30.12.2025

Həkimlər həyəcan təbili çalır: Ölümcül göbələk dünyaya yayılır

Alimlər xəbərdarlıq edirlər ki, geniş yayılmış Candida auris göbələyinin dərmanlara davamlı növü getdikcə daha aqressiv xarakter alır və sürətlə bütün dünyaya yayılır. 

Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, bu barədə yeni elmi icmalda qeyd olunur.

Bildirilir ki, göbələk infeksiyaları hər il dünyada təxminən 6,5 milyon insana təsir edir. Hətta göbələk əleyhinə preparatlarla müalicə olunsa belə, ölüm halları 50 faizdən çox təşkil edir.

Candida auris - invaziv maya tipli göbələkdir və xüsusilə immun sistemi zəif olan insanlarda həyati təhlükə yaradan infeksiyalara səbəb ola bilər. İlk dəfə 2009-cu ildə Yaponiyada, bir xəstənin qulaq kanalında aşkarlanıb. Daha sonra sürətlə digər ölkələrə yayılıb, o cümlədən Hindistanda 2014-cü ildə ictimai səhiyyə üçün ciddi təhlükə kimi rəsmi şəkildə tanınıb.

Hazırda Candida auris ən azı 6 qitədə 61 ölkədə qeydə alınıb.

Göbələk niyə bu qədər təhlükəlidir?

İcmalın müəllifləri Candida auris-in sürətlə yayılmasına və sağ qalmasına imkan verən bir neçə unikal xüsusiyyəti vurğulayırlar. Göbələk böyümə formasını dəyişə bilir — maya tipindən lifvari formaya keçərək daha asan yayılır. Hüceyrə divarındakı xüsusi zülallar onun insan dərisinə sanki "yapışmasına” və orada koloniyalaşmasına şərait yaradır. Bundan əlavə, göbələk xüsusilə xəstəxanalarda xəstələr arasında asanlıqla ötürülür.

Tədqiqatçılar qeyd edirlər ki, C. auris-in dəridə koloniyalaşması ciddi tibbi problemdir, çünki yoluxmuş xəstələr göbələyi həm eyni tibb müəssisəsinin daxilində, həm də müxtəlif xəstəxanalar arasında yaya bilirlər.

Məqalədə həmçinin bildirilir ki, bu göbələk "efflyuks nasosları” adlanan mexanizmlərə malikdir — bu mexanizmlər göbələk əleyhinə dərmanları hüceyrədən təsir göstərməyə macal tapmamış xaric edir. Bundan başqa, Candida auris səthlər üzərində sürüşkən bioörtüklər (biofilm) yaradır ki, bu da dərmanların təsirini daha da çətinləşdirir.

Alimlər diaqnostika ilə bağlı problemlərə də diqqət çəkirlər: C. auris-in yaratdığı infeksiyalar tez-tez səhv müəyyən edilir və bu səbəbdən müalicə gecikdirilir.

"Microbiology and Molecular Biology Reviews" jurnalında dərc olunan məqalədə tədqiqatçılar geniş təsir spektrinə malik yeni göbələk əleyhinə dərmanların hazırlanmasının, diaqnostik testlərin təkmilləşdirilməsinin, eləcə də risk qrupunda olan xəstələr üçün immun və peyvənd əsaslı yanaşmaların vacibliyini vurğulayırlar.

Xüsusilə resursları məhdud olan ölkələrdə göbələk infeksiyalarına dair daha güclü epidemioloji nəzarət və məlumatlandırma ehtiyacı önə çəkilir. Eyni zamanda, alimlər bildirirlər ki, Candida auris-ə qarşı üç yeni preparat artıq klinik sınaq mərhələsindədir və yaxın zamanda istifadəyə verilə bilər.

Aydın

--> -->