İlk dəfə 2012-ci ildə "Kickstarter"də maliyyələşdirilən çoxoyunçulu kosmik simulyator "Star Citizen" milyard dollarlıq bir oyuna çevrilməyə yaxındır. Pərəstişkarlar artıq oyun üçün 928 milyon dollar toplayıblar.
Qaynarinfo xəbər verir ki, "Cloud Imperium Games” studiyasının əsas gəlir mənbəyi virtual kosmik gəmilərin satışıdır. İstifadəçilər 45–1000 dollar dəyərində başlanğıc paketləri, eləcə də 1000 dollar və daha baha olan premium gəmiləri ala bilirlər. Maraqlıdır ki, bu gəmilərin bir hissəsi hələlik yalnız konsept səviyyəsində mövcuddur, lakin buna baxmayaraq pərəstişkarlar onları fəal şəkildə satın alırlar.
2025-ci il tərtibatçılar üçün ən uğurlu il olub: onlar 152 milyon dollardan çox vəsait cəlb ediblər. Analitiklərin proqnozlarına görə, 1 milyard dollar həddi artıq 2026-cı ilin ortalarına qədər keçiləcək. Müqayisə üçün qeyd edək ki, 1 milyard dollar "Cyberpunk 2077” oyununun büdcəsindən üç dəfə çoxdur.
Eyni zamanda "Star Citizen” hələ də alfa-test mərhələsindədir. Oyunun tam buraxılış tarixi yoxdur və yaxın bir neçə il ərzində çıxacağı da gözlənilmir. Təxmini olaraq "Star Citizen” 2028-ci ildə alfa mərhələsindən çıxacaq. Bundan əvvəl isə Hollivud aktyorlarının iştirak etdiyi süjet kampaniyası "Squadron 42”nin buraxılışı planlaşdırılır.
Media "Star Citizen”i oyun sənayesi tarixində ən mübahisəli layihələrdən biri adlandırır. Kraudfandinq kampaniyasının başlanmasından keçən 12 il ərzində kosmik simulyator və onun müstəqil süjet kampaniyası "Squadron 42” dəfələrlə təxirə salınıb. Çıxış tarixləri ilə bağlı suallara isə müəlliflər adətən yayınaraq "hazır olanda” cavabını verirlər.
Aydın
Şərhlər