Xəbər lenti

Hələbi xatırladan Alatava:
Foto 17:48 22.09.2019

Hələbi xatırladan Alatava: "Yanğın olsa, bütün evlər külə dönəcək" (REPORTAJ)

Son illər Bakıda pilot layihələr çərçivəsində bir çox köhnə binalar sökülür, yerində çoxmərtəbəli yaşayış yerləri  ucaldılır. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də köhnə evlərin fasadları dəyişdirilir, yollar genişləndirilir, insanların məişət şəraiti bir qədər yaxşılaşdırılır. Lakin illərdir, dəyişməyən bir yer var - 2-ci Alatava massivi...

Massivin sakinləri musavat.com-a şikayətlərində bildiriblər ki, onlar əsasən yolsuzluq problemindən əziyyət çəkirlər. Əslində yerli sakinlər heç də birmənalı olaraq köçürülmək istəmirlər. Çünki sakinlər  Alatavanı bakılıların yaşadığı məhəllələrdən biri sayırlar. Onların fikrincə, şəhərdə belə yerlər silinib məhv edilməməlidir. Deyirlər ki, Avropada, qonşu ölkələrdə hökumətlər belə yaşayış massivlərini qoruyub saxlayır. 

Gürcüstanda, Türkiyədə belə məhəllələri söküb dağıtmırlar. İstəkləri odur ki, sadəcə problemlər həll olunsun. Sakinlər söylədilər ki, hələ 2013-cü ildə "Sovetski" də söküntü başlanan ərəfədə Alatavada da bəzi evlərin "İpək yolu" layihəsinin genişləndirilməsi məqsədilə, Şanaxinkadan giriş istiqamətində  plana düşdüyü bildirildi. 

Sakin Firuz Həsənov məsələ ilə bağlı aşağıdakıları deyib: "Həmin zaman bizə dedilər ki, sizin evlər şəhərin mərkəzindən kənardadır. Ona görə də "Sovetski"də olduğu kimi mənzilin hər kvadratı üşün 1500 manat deyil, 700 manat veriləcək. Burada evlərin sahəsi onsuz da azdır. Verilən pul o zaman indikindən dəyərli olsa da, ümumilikdə aşağı idi. Ona görə də sakinlərin bir qismi narazı idilər. Ancaq düşünürdük ki, heç olmasa girişdə evlər sökülərsə yol genişlənər. Bununla da Alatavaya ən azından bir istiqamətdə geniş giriş-çıxış yolu olar. Sonradan devalvasiya da oldu, daha söküntü işləri arxa plana keçdi. İndi isə bizim bir çox problemlərimiz var. Ən başlıcası yol problemidir. Burada yollar çox dardır. Demək olar ki, iki maşın yan-yana keçə bilmir. Bundan əlavə qış aylarında yollar buz bağlayır, nə baxanı var, nə də təmizləyəni. Hava soyuyan kimi ucqar dağ kəndləri kimi bura da maşınla qalxmaq, enmək çətinləşir. Əgər yanğın olarsa, burada yalnız evlərin külü qalar. Çünki yanğınsöndürən maşının girməsi üçün yol yoxdur. Xoşbəxtlikdən yanğın baş vermir. İllər öncə burada bir ev yanırdı. Yanğınsöndürənlər nə qədər çalışsalar da evə yaxınlaşa bilmədilər. Maşını sürməyə yol tapmadılar. Eləcə də soyuq qış aylarında küçələr donduğu üçün təcili tibbi yardım maşını da bura qalxa bilmir. Camaat bunu bildiyi üçün ölsələr də təcili tibbi yardım çağırmırlar. Onsuz da bilirlər ki, qalxa bilməyəcəklər".

Doğrudan da Alatavada küçələrin bərbad gündə olduğunu müşahidə edilir. Ərazi sanki Hələbi, Suriyanı xatırladır. Elə bil göydən küçələrə bomba yağdırıblar. Hər yer deşik-deşik idi. Eyni zamanda küçə boyu hansısa işıqlandırmaya da rast gəlmək olmur.

Digər sakin Xanım Əkbərova bildirib ki, asfalt örtüyü olan yolları sakinlər özləri təmir etdiriblər: "Bura unudulub. Nə icra başçısı, nə deputatlar bir dəfə də olsun Alatavaya gəlib, camaatın halı ilə maraqlanmayıblar. Yayda uşaqlar bu küçələrdə oynayır. Bu qədər camaatı olan yerin bir dənə parkı, uşaqların oynaması üçün yeri yoxdur. Heç bu haqda düşünmürlərdə. İcra hakimiyyətinin nümayəndələri axırıncı dəfə bura camaatı evindən köçürmək adı ilə 2013-cü ildə gəliblər. Onda da layihələri baş tutmadı deyə, daha gəlmədilər. Başqa vaxt camaatı düşünən yoxdur. Dəfələrlə bu problemlərlə bağlı icra hakimiyyətində olmuşuq, ancaq heç bir faydası yoxdur". 

Buradakı evlər 1970-80-ci illərdə gecəqondu kimi tikilib. Həmin evlərin əksəriyyəti  sənədləşdirilməsi də qeydiyyata alınıb və insanlar hər ay kommunal ödənişlər edirlər. Ona görə də köçürüləcəkləri təqdirdə qanuni kompensasiya tələb edirlər. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->