Xəbər lenti

Henri Fordun Amazonda Amerika qurmaq arzusu necə puça çıxdı? (VİDEO)
Video 14:54 20.07.2025

Henri Fordun Amazonda Amerika qurmaq arzusu necə puça çıxdı? (VİDEO)

Braziliyanın Amazon tropik meşələri uzun illərdir ki, yenilikçi təşəbbüslər üçün ilham mənbəyi olub. Bu bölgənin ən qiymətli kommersiya resurslarından biri isə kauçuk idi. Bir vaxtlar bu maddə qlobal "kauçuk qızdırması"na səbəb olmuşdu və bunun bədəli insanlıq üçün çox ağır başa gəlmişdi.

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" yazır.

1920-ci illərdə avtomobil sənayesinin maqnatı Henri Fordun diqqətini məhz Braziliya kauçuk ağacları cəlb etmişdi. O, Amazonda böyük bir torpaq sahəsi alaraq orada şəhər tikmək fikrinə düşmüşdü. Məqsəd isə təkər istehsalı üçün lazım olan kauçuku Asiyadan baha qiymətə almaq əvəzinə, onu öz istehsal obyektlərində yetişdirmək idi.



Beləliklə, Braziliyanın Para ştatında, tropik meşələrin dərinliyində Fordlandiya adlı şəhər salınıb. Bu şəhər Amazonun ortasında Amerika ideallarının təcəssümü olmalı idi - böyük tikililər, xəstəxana, əyləncə mərkəzləri ilə. Həmçinin şəhər, Fordun avtomobilləri üçün lazım olan təkərlərin istehsalını təmin edəcək və yerli əhali üçün iş yerləri yaradacaqdı.

Fordlandiya Delaver ştatının sahəsindən təxminən iki dəfə böyük olan bir ərazini əhatə edirdi və Amazon çayının əsas qollarından biri olan Tapajos çayı boyunca yerləşirdi. Şəhər yüksəkdə tikildiyindən yağış mövsümündə sel təhlükəsindən qorunurdu. Lakin bu həm də o demək idi ki, quru mövsümündə tikinti materialları daşıyan gəmilər oraya çətinliklə çatırdı.

Minlərlə fəhlə milyonlarla akr (sahə ölçüsü) torpağı əl ilə təmizləyərək bura kauçuk ağaclarının düz sıralarla əkiləcəyi planlaşdırılmış sahəyə çevirməli idi. Lakin "The Intercept Brasil" saytının prezidenti və həmtəsisçisi Endrü Fişmanın yazdığına görə, heç kim bu cür bir işə əvvəllər cəhd etməmişdi və bu, təsadüfi deyildi. Fordun planında yerli əhalinin təcrübəsinə tamamilə məhəl qoyulmamışdı: Amazonda monokulturalar yaşamır.



"Amerikan iradəsinin, dəyərlərinin və texnologiyasının üstünlüyünə inanan Ford sanki Tanrının işini görürdü – cəngəlliyi ram edir, oradakı geridə qalmış sakinlərə sivilizasiya və iqtisadi inkişaf gətirirdi. Amma Amazonda kauçuk plantasiyalarının olmaması savadsızlığın deyil, təcrübənin nəticəsi idi: yerli sakinlər bilirdilər ki, çox sıx şəkildə əkilən ağaclar arasında zərərvericilər və xəstəliklər ildırım sürətilə yayılır", deyə Fişman yazır.

Biomüxtəlifliyin olmaması səbəbilə plantasiyaya çürümə və tırtıl istilası baş çəkdi və nəticədə layihə tam iflasa uğrayıb. İşçilər isə ağır şərait, xəstəliklər, aclıq, ilan və yarasa dişləmələri ilə mübarizə aparmalı olublar.

Torpaq təmizlənərkən Amazonda indiyədək baş vermiş ən böyük süni yanğınlardan biri də bu layihə çərçivəsində baş verib. Bu da Fordun Amerikanı tropik meşələrə köçürmək cəhdinin ətraf mühitə vurduğu zərbələrdən biri olub.

Ford heç vaxt adını daşıyan şəhəri ziyarət etməyib və sonda layihə tamamilə uğursuz elan olunub. Bu təşəbbüsün səbəb olduğu maliyyə itkisi bu günkü hesabla təxminən 350 milyon dollar təşkil edir.



Layihənin bağlanmasından dərhal sonra meşə öz torpaqlarını geri almağa başlayıb."Fordlandiya isə tamamilə yox olmayıb – bir neçə onillik ərzində orada 100-dən az insan yaşayırdısa, hazırda şəhərin əhalisi 2-3 min nəfər civarındadır.

Bununla belə, yerli həyatın fonunda hələ də Fordun yarımçıq qalmış arzularının dağılmış xarabalıqları görünür – Amazonun gücünün onun biomüxtəlifliyində olduğunu xatırladan kövrək bir xatirə kimi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->