Xəbər lenti

Hər gün canlı tarix: Avropanın ən yaxşı mədəni irs şəhərləri - TOP-10
Dünya 09:00 17.10.2025

Hər gün canlı tarix: Avropanın ən yaxşı mədəni irs şəhərləri - TOP-10

Avropa adətən açıq səma altında muzeyə bənzədilir – burada şəhərlər və qəsəbələr əsrlərin incəsənət, memarlıq və mədəniyyət ənənələrini qoruyurlar. 

Qaynarinfo xəbər verir ki, "European Best Destinations" platforması 2026-cı il üçün Avropanın mədəni irs baxımından ən görkəmli şəhərlərini müəyyən edib. Siyahının zirvəsində qədim "Ptuy" şəhəri (Sloveniya) qərarlaşıb.

2026-cı ilin Avropada ən yaxşı 10 mədəni irs şəhəri:

10. Toledo, İspaniya

Toledo "üç mədəniyyət şəhəri" kimi tanınır – burada xristian, müsəlman və yəhudi irsi bir-biri ilə ahəngdar şəkildə birləşir. Qonaqlara şəhərin kilsəsini, sinaqoqlarını və qala divarlarını ziyarət etmək tövsiyə olunur.

9. Zamoş, Polşa

XVI əsrdə salınmış Zamoş Avropada ən yaxşı qorunmuş Renessans şəhərlərindən biridir. O, Şimalın Paduyası adlandırılır və italyan memarlığı ilə mərkəzi Avropa üslubunu birləşdirir.

8. San-Kiminano, İtaliya

Toskananın incisi sayılan San-Kiminano "gözəl qüllələr şəhəri" kimi məşhurdur. Onun daşdan tikilmiş orta əsr silueti bu günədək demək olar ki, toxunulmaz qalıb.

7. Çeski-Krumlov, Çexiya

Bu şəhər öz nağılvari qalası, əyri axan çayı və bəzəkli barok fasadları ilə seçilir. Çeski-Krumlov həm UNESCO irsi siyahısına, həm də turistlərin sevimli marşrutlarına daxildir.

6. Florensiya, İtaliya

Florensiya Renessansın beşiyi hesab olunur. Şəhərin hər guşəsi incəsənət abidəsidir, lakin o, sadəcə muzey deyil – burada canlı meydanlar, toskan mətbəxi və əbədi zövq hökm sürür.

5. Albi, Fransa

Albi Tarm çayının sahilində yerləşir və dünyanın ən böyük kərpic tikilisi olan Müqəddəs Sesiliya kilsəsi ilə tanınır. Burada məşhur rəssam Anri de Tuluza-Lotrekin həyatına həsr olunmuş muzey də fəaliyyət göstərir.

4. Dubrovnik, Xorvatiya

"Adriatikin incisi" adlanan Dubrovnik UNESCO siyahısında yer alır. Onun orta əsr qala divarları, barok kilsələri və mərmər küçələri şəhəri canlı tarixi abidəyə çevirir.

3. Anqra-du-Eroismu, Portuqaliya (Terseyra adası)

Azor arxipelaqındakı bu şəhər UNESCO tərəfindən Renessans dövrünə aid yaxşı qorunmuş şəhər planı ilə tanınıb.

2. Brügge, Belçika

Brügge Şimalın Venesiyası adlanır. Onun kanalları, gotik kilsələri və qədim meydanları şəhəri Avropanın ən romantik yerlərindən birinə çevirir.

1. Ptuy, Sloveniya

Sloveniyanın ən qədim şəhəri olan Ptuy həm də Avropanın mədəni irs xəzinələrindən biridir. Şəhərin üzərində ucalan qədim qala min ildən artıqdır ki, Drau çayını və ətrafdakı küçələri seyr edir.

Ptuy öz orta əsr ruhunu qorumaqla yanaşı, mədəni və idman tədbirləri ilə daim yenilənir. Yazda burada Kurentovaniye karnavalı, yayda Art Stays festivalı keçirilir, payızda üzüm yığımı, qışda isə Milad bazarları şəhərin meydanlarını işıqla və ənənə ilə doldurur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->