Xəbər lenti

Hərbi cinayətlərə görə təzminat necə hesablanır? - İqtisadçı alim
Ölkə 15:44 27.11.2020

Hərbi cinayətlərə görə təzminat necə hesablanır? - İqtisadçı alim

"Ermənilər indi də Laçın rayonunda evləri, inzibati tikililəri yandırır, meşələri məhv edirlər. Əslində, onlar öz evlərini deyil, 28 il öncə işğal nəticəsində mənimsədikləri və istifadə etdikləri bizim evlərimizi yandırırlar. O evlərdə 1993-cü ilədək Azərbaycanlılar yaşayırdılar. İşğaldan sonra orada qeyri-leqal məskunlaşan ermənilər indi də Laçın rayonunu ciddi ziyan vurmaqla tərk edirlər”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir və ya etmək istəmir:

"Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbi və ödənilməsindən gedir. Artıq dünyanın aparıcı media qurumları da işğaldan azad olunmuş və Ermənistan tərəfindən varvarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər. Bu, məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir”.
 
 

Belə hərbi cinayətlərə görə təzminatın hesablanması necə həyata keçirilir? 

Deputat qeyd edib ki, dünya Bankının metodologiyasına görə, 4 mühim istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir:

"Əmlak və infrastruktura dəyən ziyan, insanların həyatının itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu du həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur”.

Vüqar Bayramov hesab edir ki, bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq:

"Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq. Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->