Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Bu barədə Qaynarinfo-ya Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanmış və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnmişdir.
2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılmışdır.
Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunmuşdur. Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilmişdir ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunmuşdur.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
ALLAHdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.
Şərhlər