Siyasət 17:37 27.05.2014

Heydərov Bersini görüşünün pərdəarxası - Hakimiyyətdaxili narahatlıq

"Fövqəlnazir"in ABŞ rəsmisi ilə görüşü iqtidarda birmənalı qarşılanmayıb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin beynəlxalq məsələlər üzrə köməkçisi Alan Bersini ilə görüşü hakimiyyət daxilində birmənalı qarşılanmayıb. 

Qeyd edək ki, “fövqəlnazir”lə Bersini arasında görüş bu günlərdə baş tutub. Azərbaycana səfər edən Bersini ilə görüşdə qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Həmçinin, FHN-in ABŞ-ın müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi qonağın diqqətinə çatdırılıb.

“Azadlıq”a daxil olan məlumatlarda iddia edilir ki, Kəmaləddin Heydərovun Bersini ilə görüşü barədə hakimiyyət dəhlizlərində narahatlıqla danışılır. 

“Fövqəlnazir”in ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin əməkdaşı ilə görüşünün arxasında hansısa məqsədlərin dayandığı barədə mülahizələr irəli sürülür. 

Bu görüş hətta Kəmaləddin Heydərovun yaxın çevrəsində belə ciddi narahatlıq yaradıb. Xüsusilə ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginliyin fonunda bu görüşün təsadüfi olmadığı qənaəti var. 

Əgər “fövqəlnazir”in rəqibləri bu görüşlə bağlı hakimiyyət üçün hansısa təhlükələrin yarana biləcəyi barədə mülahizələr irəli sürürlərsə, Kəmaləddin Heydərovun yaxın ətrafı bu görüşdən istifadə edərək onun özünün karyerasına son verilə biləcəyindən ehtiyatlanırlar.

Qaynar.info