Avropanın ictimai-siyasi dairələrində geniş oxucu auditoriyasına malik "Euractiv” portalında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Ermənistanın Azərbaycanın mülki şəxslərinə və həyati əhəmiyyətli infrastrukturlarına qarşı hücumları diqqətdən kənar qalmamalıdır” adlı məqaləsi dərc olunub.
Qaynarinfo xəbər verir ki, Hikmət Hacıyev məqalədə Ermənistanın 30 ilə yaxındır Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin iyul ayında baş vermiş Tovuz hadisələrindən üç ay keçməmiş - sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı törətdikləri növbəti təxribatlar, eləcə də Azərbaycan Ordusunun Ermənistanın bu təxribatlarını dəf etmək və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları, işğal edilmiş bəzi torpaqların bu əməliyyatlar nəticəsində azad edilməsi barədə məlumat verib.
Prezidentin köməkçisi yazır ki, Ermənistanın Azərbaycanın mülki yaşayış ərazilərinə və həyati əhəmiyyətli infrastrukturuna qarşı hücumları humanitar fəlakətə gətirib çıxara bilər.
Münaqişənin tarixi barədə məlumat verən Hikmət Hacıyev qeyd edir ki, bu problem Ermənistanın 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın işğal olunmuş digər yeddi rayonundan dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 (822, 853, 874 və 884 saylı) qətnaməyə məhəl qoymaması ucbatından hələ də həll olunmamış qalır. Bu da münaqişəni yenidən alovlandırıb.
Prezidentin köməkçisi oxucuların diqqətinə çatdırır ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən bəri həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı azad edilib. Azərbaycan Silahlı Qüvvələri döyüşlərin ilk günlərindən etibarən beynəlxalq humanitar hüquqa və 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına uyğun olaraq mülki hədəfləri deyil, yalnız legitim hərbi obyektləri və hərbçiləri hədəf seçir. Azərbaycanın Silahlı Qüvvələrinin döyüş meydanında qazandığı inamlı qələbə Ermənistanın hərbi-siyasi rəhbərliyinin nizamsızlığa uğramasına səbəb oldu və Ermənistan tərəfi qəsdən əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərinə və döyüş zonasından tamamilə kənarda yerləşən kəndlərinə hücumlar etməyə başlayıb. Ermənistan oktyabrın 11-də cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yaşayış ərazisinə ballistik "SCUD” raketini atıb. Raketin hədəfə aldığı ərazinin yaxınlığında bu hücumu əsaslandıra biləcək hər hansı hərbi obyektin olmaması həmin hücumu hərbi cinayət kimi xarakterizə etməyə əsas verir. Gecə yarısında həyata keçirilən bu dəhşətli hücum nəticəsində yaşayış binası tamamilə dağılıb, 10 mülki şəxs həyatını itirib və 34 nəfər yaralanıb. Bu hücumun ən acınacaqlı nəticələrindən biri də hər iki valideynini itirən iki yaşındakı uşaqla bağlıdır. Oktyabrın 14-nə qədər olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 43 nəfər həlak olub, 214 nəfər isə xəsarət alıb. Həmçinin ümumilikdə 1571 ev və çoxmənzilli yaşayış binası, eləcə də 277 mülki obyekt yararsız vəziyyətə düşüb.
Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı hücumlar etməklə Ermənistan mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür. Bu, həm də Ermənistanın münaqişənin coğrafiyasını genişləndirmək və Azərbaycanı sülhə məcburetmə əməliyyatından yayındırmaq üçün edilmiş bir cəhddir. Ermənistan təkcə mülki əhalini deyil, həmçinin Azərbaycanın və onun beynəlxalq tərəfdaşları, eləcə də qitənin enerji təhlükəsizliyi üçün siyasi və iqtisadi əhəmiyyətə malik olan Azərbaycanın həyati əhəmiyyətli enerji infrastrukturunu, neft və qaz boru kəmərlərini hədəf alır.
İndi açıq-aşkar aydındır ki, Ermənistan strateji cəhətdən əhəmiyyət daşıyan Cənubi Qafqaz bölgəsində mülki şəxslərin həyatını və enerji təhlükəsizliyini riskə qoyaraq burada sülhə və sabitliyə açıq-aşkar təhdid yaradır. Beləliklə, Ermənistan yalnız Azərbaycanı deyil, həm də Avropanın enerji təhlükəsizliyini hədəf alır.
Azərbaycanın mülki əhalisi və onun həyati əhəmiyyətli enerji infrastrukturları öz ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın sülhə məcburetmə əməliyyatlarında qazandığı uğurlar qarşısında Ermənistanın yaşadığı məyusluğa görə cəzalanmamalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları bu cür təhlükəli təxribat əməllərinə qarşı daha diqqətli olmalı və onları kəskin şəkildə pisləməlidirlər.
Şərhlər