Ekonomiks 13:23 27.02.2020

“Hökumət daxili bazarda qıtlıq yaranacağından ehtiyat edir” (EKSPERT)

"Bəzi iddialar var ki, hökumət daxili bazarda qıtlıq yaranacağından ehtiyat edir”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev İranla Azərbaycan arasında sərhədin bağlanması məsələsini şərh edərkən deyib. O, qeyd edib ki, rəsmi rəqəmlərə inansaq, dəyər ifadəsində xarici ticarətimizdə bu ölkənin payı çox yüksək deyil:

"Məsələn, 2019-cu ildə bütün idxalımızınm təxminən 3%-i (452 mln. dollar) İrandan gəlib. Amma fiziki şəxslər vasitəsilə sərhəd ticarətinin hamısının uçota alınıb-alınmadığını dəqiq söyləmək çətindir. Çeşid etibarıyla həddən artıq çox mal alırıq - təxminən 1600 adda.

Bütün idxalın üçdə biri təbii qazın payına düşür - təxminən 150 mln. dollar (yəqin ki, Naxçıvana görə alırıq).

Ərzaq idxalı 45 mln. dollara yaxın olub (İrandan cəmi idxalın 10%-i), 15% civarında idxal da kimya sənayesi məhsullarının payına düşüb. Yerdə qalan 40% idxal yüzlərlə çeşiddə məhsul arasında bölünüb”.

Rövşən Ağayev vurğulayıb ki, İrana ixracımız idxalımızdan 11 dəfə az olub:

"İkitərəfli xarici ticarət kəsirimiz 410 mln. dollara yaxındır. İxracımız çox kasaddır - onsuz da az olan ixracın 60%-ə yaxını iki məhsulun - təbii qaz və pambıq lifinin payına düşür”.

Bahar Rüstəmli