Ölkə 23:29 16.09.2019

Hökumət Türkiyədə qeyri-qanuni yaşayan azərbaycanlılar üçün hərəkətə keçdi

Türkiyədə qeyri-qanuni məskunlaşmış soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi nəzdində işçi qrup yaradılıb. İstanbulun müxtəlif rayonlarında kompakt məskunlaşmış azərbaycanlılarla görüşlər keçirilib və onların siyahısı hazırlanıb. Bu siyahı müvafiq yoxlamaların keçirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına təqdim edilib.

Bu barədə açıqlama verən Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov bildirib siyahıya daxil edilən şəxslərin bir qisminin Azərbaycan Respublikası vətəndaşlığı artıq təsdiq edilib. Digər şəxslərin Türkiyədə doğulmaları səbəbindən vətəndaşlıqları öz təsdiqini tapmayıb ki, onların da əksəriyyəti azyaşlılardır. Bu uşaqların valideynlərinin də Türkiyədə sənədsiz yaşaması səbəbindən onların vətəndaşlığı müəyyən edilməyib.

K.Məmmədov artıq həmin şəxslərin sənədlərinin hazırlanması ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Türkiyənin müvafiq dövlət orqanlarına bu siyahıların göndərildiyini bildirib. Qeyd edilib ki, pilot layihə olaraq Türkiyədə qanunsuz məskunlaşmış soydaşlarımızdan on nəfər seçilib. Hazırda onların Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədlərinin hazırlanması ilə bağlı Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda işlər aparılır. Bu mərhələnin ardından Türkiyə Respublikasının Miqrasiya Xidməti tərəfindən həmin şəxslərə oturum icazələrinin verilməsi nəzərdə tutulur. (marja.az)