Siyasət 16:30 13.08.2020

Hulusi Akar: "Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın yanındayıq”

"İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət, həyəcan duymaqdayıq”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Bizim tariximiz, dilimiz, ürfanımız, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasında münasibətlər həqiqi qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün vaz keçilməzdir. "Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və iftixarda bir və bərabər olub, bundan sonra da olacaqdır. Bundan heç kimin şübhəsi olmasın. Geopolitik problemlərin, terrorun, qanunsuz miqrasiyanın və təhlükəsizlik qayğılarının sürətlə artdığı bir vaxtda Türkiyə və Azərbaycanın əməkdaşlığı son dərəcə əhəmiyyətlidir. Bu səbəblə can qardaşımız Azərbaycanla hər sahədə davam edən sağlam münasibətlərimizi daha da inkişaf etdirmək üçün çalışmalarımız artaraq davam etməkdədir. Türkiyə və Azərbaycan, köklü tarixi, dinamik əhalisi, hər ötən gün böyüyən iqtisadiyyatı və güclü ordusu ilə Qafqazda və bölgəmizdə sülh və istiqrarın qarantı olmaya davam edəcəkdir. İcra edilən təlimlər də səylərimiz bir göstəricisidir”, - deyə H. Akar bildirib.

Hulusi Akar sonadək Azərbaycanın yanında olduqlarını bildirib: 

"Xocalıda bütün dünyanın gözü qabağında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın, azərbaycanlı silahlı yoldaşlarımızın sonunadək yanındayıq. Azərbaycan yalnız deyil. İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət hissi duyuruq. İki ayrı dövlət olsaq da eyni millətin övladlarıyıq".

"Ermənistanın Azərbaycanın Tovuz rayonunda törətdiyi xain təxribatı bir daha şiddətli şəkildə qınayırıq. Azərbaycan xalqına başsağlığı, səbir diləyir, Silahlı Qüvvələrimizə güc, qüvvət arzulayırıq. Yaşadığınız acını millət olaraq dərindən hiss edirik. Azərbaycanın haqq davasına və ərazi bütövlüyünə olan güclü dəstəyimiz bu günə qədər olduğu kimi, bundan sonra da eyni şəkildə davam edəcək. Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizədə 83 milyonluq Türkiyə olaraq sonuna qədər qardaşlarımızın yanındayıq”, - deyə Türkiyənin Milli Müdafiə naziri qeyd edib.

Türkiyəli nazir Tovuzda şəhid olan hərbçiləri rəhmət və ehtiramla yad edərək çıxışını "Hamınız sağ və salamat qalın” ifadələri ilə bitirib.