Xəbər lenti

Hüquqşünaslar prezidentə müraciət ediblər
Ölkə 19:38 07.11.2017

Hüquqşünaslar prezidentə müraciət ediblər

''Millət vəkilləri məsələnin mahiyyətinə varmadan qanun layihəsinin lehinə səs veriblər''

Bir həftədən çoxdur Ali Məhkəmənin təqdimatı ilə Milli Məclisi tərəfindən qəbul edilən Mülki prosessual, İnzibati Prosessual məcəllələrinə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununa edilmiş əlavə və dəyişikliklər gündəmin əsas müzakirə predmetidir. 

Dəyişikliklər təsdiqlənərsə, vətəndaşlar hüquqlarının qorunmasını yalnız yaxın qohumlarına və Vəkillər Kollegiyasının üzvü olan vəkillərə  tapşıra biləcəklər. 

Hazırda isə vətəndaşlar, hüquqi şəxslər özlərinin hüquqi işlərini etibarnamə əsasında istənilən şəxsə həvalə edə bilirlər. 

Yaranmış durumla bağlı 70-ə yaxın hüquqşünas, vəkil və ictimai xadim prezident İlham Əliyevə müraciətlərini Meydan TV-yə təqdim ediblər. 

Onlar layihənin Milli Məclisdə qəbul olunmasından təəssüfləndiyini qeyd ediblər. 

"Qanun layihəsinin əleyhinə əsasən ixtisasca hüquqşünaslar və hüquq sahəsindən az da olsa anlayışı olan millət vəkilləri səs veriblər. Əslində qanunvericilikdə birbaşa göstəriş ondan ibarətdir ki, qanun layihəsi qəbul edilməzdən əvvəl ictimai müzakirə keçirilməlidir və bu sahənin bilən şəxsləri, alimlər və digər elm adamları ciddi şəkildə müzakirələrdən sonra qanun layihəsi barədə öz rəyini verməlidir. Belə demək mümkünsə ciddi dəyişiklik nəzərdə tutan qanun layihəsinin kampaniyası aparılmalıdır”, - müraciətdə deyilir. 

Hüquqşünaslar təəssüflə qeyd ediblər ki, digər millət vəkilləri məsələnin mahiyyətinə varmadan qanun layihəsinin lehinə səs veriblər. 

"İndiki halda Vəkillər Kollegiyasının rəsmi 934 nəfər üzvü var ki, bunların təxminən 100-ə yaxını müxtəlif səbəblərdən  fəaliyyətlərini dayandırıb. Təxmini 230-a yaxın vəkil regionlarda fəaliyyət göstərirlər. Elektron Məhkəmə sisteminə qoşulmuş məhkəmələrdə hal-hazırda 370 mindən çox mülki, cinayət və inzibati iş mövcuddur. Elektron məhkəmə sisteminə qoşulmayan məhkəmələrdə elə bir o qədər də mövcuddur. Belə olan halda sual yaranır ki, vəkillər bu qədər iş yükünü  necə idarə edəcəklər?”.
 


Onların fikrincə ölkədə hüquqi yardım tam çökəcək. Hüquqşünaslar hesab edirlər ki, nisbətən kasıb insanlar isə ümümiyyətlə hüquqları ola-ola hüquqi müdafiəsiz qalacaqlar.

"Bu da əlbəttə ki, ciddi narazılıqlara səbəb olacaq və məhkəmələr də korrupsiya hallarının artmasına zəmin yaradacaq. Ona görə də müraciətimizdə ölkə başçısından qanun layihəsini imzalamamağa çağırış edirik”. 

Hüquqşünaslar çıxış yolu da təqdim ediblər:

Onlar təklif edirlər ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. 

Vəkillər Kollegiyası üzvləri bu səlahiyyəti vəkil vəsiqəsi, order və bunlar əsasında alınmış etibarnamə əsasında icra etməlidir. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali hüquq təhsil diplomu və bunun əsasında alınmış etibarnamə əsasında icra etməlidir buna uyğun olaraq Mülki Prosessual Məcəlləyə və Vəkillər və vəkillik fəaliyyəti  haqqında Qanuna müvafiq dəyişikliklər edilməlidir; 

Notariuslar məhkəmə işləri üzrə etibarnamə vermək istəyən şəxslərdən əgər etibar edilən şəxs vəkildirsə etibar edilənin şəxsiyyət vəsiqəsinin, vəkil vəsiqəsinin və müvafiq orderin surətini tələb etməli və bunun əsasında etibarnamə verməlidir; 

Əgər etibar edilən şəxs Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasdırsa, etibarnamə vermək istəyən şəxsdən etibar edilənin şəxsiyyət vəsiqəsinin və ali hüquq təhsili barədə  diplomunun surətini tələb etməli və bunun əsasında etibarnamə verməlidir – qeyd edilən qanunlarla bərabər Notariat haqqında qanuna dəyişiklik edilməlidir;

Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar şəxslərə göstərdikləri hüquqi xidmət üzrə tapşırıq müqavilələrini sadə yazılı formada bağlamalıdır. Hüquqşünas tərəfindən belə müqavilənin bağlanılmaması həmin fərdi hüquqşünas yaxud hüquqi şəxs üçün inzibati xəta tərkibi yaratmalıdır – buna uyğun olaraq Mülki Məcəllə, tapşırıq müqaviləsi fəslinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməlidir; 

Hüquqi tapşırıq müqaviləsinin bədniyyətlə (vicdansızcasına) icra edilməməsinə görə hüquqşünas tam maddi məsuliyyət daşımalıdır – buna uyğun olaraq Mülki Məcəllə, tapşırıq müqaviləsi fəslinə dəyişiklik edilməlidir;

Hüquqşünas nümayəndələrin Ali Məhkəmədə nümayəndə kimi çıxış edə bilməsi üçün vəkilin məcburi iştirakı tələbi aradan qaldırılmalıdır – buna uyğun olaraq Mülki Prosessual Məcəlləyə dəyişiklik edilməlidir;

Fərdi hüquqşünaslar və hüquqi xidmət göstərən hüquqi şəxslərin müvəkillərinin işləri üzrə sorğularına dövlət orqanları tərəfindən cavab verilməsinə dair qayda müəyyən edilməlidir – İnzibati icraat haqqında Qanuna dəyişiklik edilməlidir;

Fərdi hüquqşünaslar Vergilər Nazirliyində VÖEN qeydiyyatından keçərkən diplomlarının surətini təqdim etməlidir. Eyni qayda hüquqi xidmət göstərən hüquqi şəxslərin və digər hüquqi şəxslərin hüquqşünas vəzifəsində olan işçilərinə də aid edilməlidir – Vergi Məcəlləsi və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir.  

Hüquqşünaslar Məhkəmə-Hüquq şurasının sədri, Ədliyyə Naziri cənab Fikrət Məmmədova da müraciət ünvanlayıblar. 

Onlar Milli Məclisdə bir sıra deputatlarla görüşlər keçiriblər. 

Məhkəmələrdə Nümayəndəlik institutunun ləğv edilməsi barədə qanun layihəsi Dəyişiklik layihələri Milli Məclisə Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən daxil olub. Layihə oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. Spiker Oqtay Əsədov buna qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərmişdi. Sonradan məsələ yenidən parlamentin gündəliyinə daxil edildi və oktyabrın 31-də plenar iclasda qəbul edilib. Qanuna dəyişikliklər prezident sənədi imzalayandan sonra qüvvəyə minəcək.

Buna etiraz olaraq "Praktik Hüquqşünaslar Qrupu” noyabrın 18-də "Məhsul” stadionunda mitinq keçirəcəklərini bəyan ediblər.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->