2013-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsan və qanunsuzluqlara yol verdiklərinə görə Departamentin direktoru və 14 əməkdaşı tutduğu vəzifədən azad edilib, 7 nəfərə töhmət verilib, 1 nəfər isə aşağı vəzifəyə keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən aparılan araşdırmalar zamanı isə bir sıra ərazi ekologiya və təbii sərvətlər şöbələrinin fəaliyyətlərində də nöqsanlara və qanun pozuntularına yol verildiyi aşkar olunub, araşdırmaların nəticələrindən asılı olaraq Nazirliyin müvafiq əmrləri ilə 9 əməkdaş, o cümlədən fəaliyyətlərində yol verdikləri ciddi pozuntulara görə 5 məsul şəxs - 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəisləri, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəis müavini və ətraf mühitin mühafizəsinə nəzarət sektorunun müdiri tutduqları vəzifədən azad ediliblər. 1, 2, 3, 4, 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin ümumilikdə 38 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb.
Meşələrin İnkişafı Departamentinin tabeliyində olan müəssisələrdə aparılan yoxlamalar zamanı Goranboy, Cəlilabad, Zaqatala və Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları, habelə Qusar və Cəlilabad MMBM-lərin baş meşəbəyləri tutduqları vəzifədən azad edilib. 66 nəfər işdən çıxarılıb, 56 nəfərə töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, təqsirkarlar barəsində qanuna müvafiq tədbirlərin görülməsi və meşə fonduna dəymiş ziyanın ödənilməsi üçün 100 iş aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsində aparılan araşdırmalar zamanı aşkar olunmuş qanunsuz qırıntı faktlarına görə müəssisə direktoru və 11 meşə mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülüb, 6 meşə gözətçisi tutduğu vəzifədən azad olunub. Bununla əlaqədar materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi qaldırılıb.
Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də meşələrin mühafizə olunması vəziyyəti araşdırılan zaman ciddi qanun pozuntuları üzə çıxarılıb. Meşə fonduna dəymiş ziyanın təqsirkarlar tərəfindən ödənilməsi təmin edilib, müəssisənin direktoru və əraziyə cavabdeh 8 meşə gözətçisi tutduqları vəzifədən azad olunub, 13 meşə mühafizə işçisi barəsində digər intizam tənbeh tədbirləri görülüb.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən də tabeli qurumların ərazilərində yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı aşkar olunan qanun pozuntularına görə 72 nəfər mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülüb, o cümlədən Hirkan Milli Parkının direktoru, Zaqatala Dövlət Təbiət Qoruğunun direktoru və mühafizə üzrə direktor müavini, Ağgöl Milli Parkının baş mühasibi tutduqları vəzifədən azad edilib.
Eyni zamanda Şahdağ Milli Parkının Quba bölməsinin Rostov, Quba, Vəndam və Bum meşəbəyliklərində ağacların qanunsuz kəsilməsi, Qızılağac Dövlət Təbiət Qoruğunun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, Ağgöl Milli Parkında yol verilmiş maliyyə pozuntuları, “Salyan OİL” şirkətinin Şirvan Milli Parkının ərazisində qanunsuz fəaliyyəti, həmçinin Astara rayon sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla bağlı toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna, eləcə də Şahdağ Milli Parkının ərazisində qanunsuz ov edən şəxs barəsində və Lənkəran rayon sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla əlaqədar toplanmış müvafiq sənədlər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tabeli qurumlarında da yoxlamalar həyata keçirilib və ASC-nin 6 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisində ciddi faktlar aşkar edilib. Məlum olub ki, idarənin direktoru vəzifə pozuntularına yol verərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, nəticədə ərazidə əkilmiş 78000 ağacdan 55538 ədədinin qurumasına şərait yaradıb, ASC-yə 91000 manat məbləğində ziyan vurulub. Buna görə idarənin direktoru tutduğu vəzifədən azad edilib və toplanan materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib, onun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanılıb.
Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzinin məsul əməkdaşı qeyri-qanuni olaraq ayrı-ayrı müəssisələrə daxil olduğu və sahibkarlıq subyektləri qarşısında əsassız tələblər irəli sürdüyü üçün tutduğu vəzifədən azad edilib.
Korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyində həyata keçirilən tədbirlər 2014-cü ilin ilk aylarında da davam etdirilib.
2014-cü ilin yanvar ayında Şirvan Milli Parkında aparılan araşdırmalar zamanı Parkın ərazisində qanunsuz ov halları, çoxlu sayda iri və xırdabuynuzlu mal-qaranın otarılması, eyni zamanda 3 yerdə ayrı-ayrı şəxslərə məxsus mal-qara yatağının, çoxlu sayda mal-qara saxlanılan tövlə, yaşayış yerləri və yardımçı tikililərin olması, 2,7 hektar torpaq sahəsinin bitki örtüyünün tamamilə məhv edilməsi faktları müəyyən edilib.
Qanunsuzluqlara yol verdiklərinə görə Şirvan Milli Parkının direktoru və parkın mühafizə yegeri tutduqları vəzifədən azad ediliblər. Mühafizəyə cavabdeh digər əməkdaşların məsuliyyətinin müəyyənləşdirilməsi məqsədilə qanuna müvafiq tədbirlər görülür.
Qaynar.info
Şərhlər