Yəməndə fəaliyyət göstərən şiə yönümlü Ənsar Allah (husilər) hərəkatı Səudiyyə Ərəbistanı ilə atəşkəs rejiminin başa çatdığını bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə husilərin hökumətinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, "cinayətkar Səudiyyə rejimi" Səna hava limanına zərbə endirib.
Husilər hesab edirlər ki, bu hücum gərginliyin azaldılması mərhələsinə və atəşkəs rejiminə son qoyub. Hərəkat hücuma və onun mümkün nəticələrinə görə bütün məsuliyyəti Ər-Riyadın üzərinə qoyub.
Yəmənin Müdafiə Nazirliyinin məlumatına görə isə ölkənin silahlı qüvvələri İran təyyarəsinin Səna hava limanına enməsinin qarşısını almaq məqsədilə hava limanına zərbə endirib.
Nazirliyin bəyanatında qeyd olunub ki, İranın dəstəklədiyi husilər Yəmənin milli aviaşirkətinə məxsus təyyarələrin hava limanına enməsini qadağan edib və İran təyyarəsinin eniş etməsində israr ediblər.
Bu səbəbdən hava limanının uçuş-enmə zolağı hədəfə alınıb. Hücumdan az əvvəl Yəmənin Müdafiə Nazirliyi hava limanının təcili boşaldılmasına çağırış edib və əhaliyə hava limanına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Nazirlik əlavə edib ki, ölkənin hava məkanını pozan istənilən təyyarənin qarşısını almağa hazırdır və görülən tədbirlərin Yəmənin milli suverenliyinin qorunmasına yönəldiyini vurğulayıb.
Aydın
Şərhlər