Xəbər lenti

İcra başçısının oğlu ilə bağlı şok ittiham - AÇIQ MƏKTUB
Ölkə 11:32 02.05.2013

İcra başçısının oğlu ilə bağlı şok ittiham - AÇIQ MƏKTUB

Goranboy rayonunda həbs olunmuş iş adamı Müqayis Verdiyev vəkili vasitəsi ilə rayon icra başçısı Nizaməddin Quliyevə açıq məktub yazıb. Qaynar.info-ya daxil olan açıq məktubda icra başçısı və oğlunun adı korrupsiyada hallandırılır: 

"Öz maliyyə cinayətlərini, qara əməllərini, dövlətə, Cənab Prezidentə etdiyi xəyanətlərini və dələduz oğlunun qanunsuz fəaliyyətini ört-basdır etmək üçün məni şərləyib, mənə böhtan atıb həbs etdirən “DOSTUM” (ayırmalar müəllifindir – red.) Nizaməddin Quliyev!

Bu məktubu təcridxanadan sənə yazanda nədənsə ilk olaraq yadıma sənin mənə tez-tez “Qardaş, mənə kömək et, məni bu vəziyyətdən çıxart, dost adama nə gündə lazımdır. Qardaş, mənə bir az vaxt ver” və sair bu kimi sözlərin düşdü. Digər tərəfdən düşünəndə ki, hal-hazırda sənin böhtan, şər kampaniyanın nəticəsində burdayam, sənin hansı şəxsi keyfiyyətlərə malik olduğunu təsəvvür etmək o qədər də çətin deyil...

Bəli, mən sənin rəhbərliyinlə hazırlanan çirkin oyunun nəticəsində bu gün burdayam...

Sənin və oğlunun rəhbərlik etdiyi “Fəqan-Xidmət” MMC nin dövlət büdcəsindən Goranboy rayonunun abadlaşdırılması üçün ayrılmış pulun mənimsənilmiş hissəsinin ört-bastır olunması üçün burdayam... Hərçənd, mən “Fəqan-Xidmət” MMC adlı qurumu istintaq zamanı tanımışam. Ona qədər mən səni tanımışam, sənlə hesablaşmışam, ödənilən pulları oğlun Ramal Quliyev, müavinin Baxış Abdullayev, sürücün Mikayıl və şəxsən özündən mən və mənə yaxın olan insanlar alıb.

Mən sənə bir daha xatırladıram ki, sən 500 min manatlıq yeyinti faktına görə Kapital Bankın Mingəçevir filialının rəhbəri vəzifəsindən çıxarılan və himayənlə bu cinayətin cəzasından xilas olan “QƏHRAMAN” oğluna məxsus «Fəqan-Xidmət» şirkətinə Goranboy rayonunun abadlaşdırılması işlərinin 256 min manatlıq hissəsini icra etməyi mənə həvalə etdin. “Qanuni” fəaliyyət göstərdiyin üçün heç bir rəsmi sənədləşmə olmadan ayrı-ayrı vaxtlarda 100 min manatlıq məbləği ödəyib pulun qalan 156 min manatlıq hissəsini iş bitdikdən sonra ödəyəcəyini bildirdin. Daha sonra isə bu pulu ödəməkdən boyun qaçırdın. Pulumu tələb etdikdə müavinin Baxış Abdullayevə göstəriş verərək, onun əliylə rayonda etiraz aksiyası təşkil etdirdin. 

Baxış Abdullayev 10-12 nəfər fəhləni İcra Hakimiyyətinin binası qarşısına yığaraq “iğtişaş” törətdi. Bu əməli həyata keçirəndən sonra guya, mənim rayonda iğtişaş törətmək istədiyimə dair yalan məlumatları yuxarı dairələrə çatdırdın. Ardından isə həbsimi təşkil etdirdin. Özü də anamın vəfat etdiyi gün həbs etdirdin və mərasimdə iştirakıma imkan vermədin. Məgər sən bu addımı atarkən mənim sənin atanın dəfnində necə iştirak etdiyimi xatırlamadınmı? Bəs sənin özünü atanın dəfni günü şərləyib həbs etsəydilər sən nə hisslər keçirərdin? Sən şər-böhtan üzrə strateq olsan da, bir məsələ diqqətindən yayınıb ki, Müqayis Verdiyevi dövlətinə qarşı hakimiyyətə qarşı iğtişaş törətməkdə günahlandırmaq çox ağılsız addımdir.

Mən həmin Müqayis Verdiyevəm ki, 26 noyabr 1994-cü ildə keçirilmiş ümumxalq müşavirəsində cənab Ramiz Mehdiyev öz çıxışında yeganə olaraq mənim adımı vurğulayaraq (həmin vaxt mən Gəncə Quşçuluq Fabrikinin direktoru vəzifəsində çalışırdım) Surət Hüseynova tabe olmadığımı bildirmişdi. Eyni zamanda, hörmətli Ramiz müəllim hamını mənim kimi dövlətə sədaqətli olmağa çağırmışdı. Hətta bununla bağlı həmin vaxt «Azərbaycan», «Xalq qəzeti» və «Respublika» qəzetlərində yazılar da dərc olunmuşdu. Maraqlıdır ki, dövlətin ən ağır vaxtlarında dövlətə xəyanət etməyən bir adam, niyə indiki əmin-amanlıq dönəmində iğtişaş törətsin? Mən həmişə öz dövlətimə, Prezidentimə sadiq olmuşam, bu gün də sadiqəm və bu heç vaxt dəyişməyəcək. Sənin kimi yüz Nizaməddin Quliyev də gəlsə məni bu yoldan döndərə bilməz!

Elə bu səbəbdən sənin 10-12 adamın iştirakı ilə mənim adımdan “iğtişaş” törətmə planın saxta və absurd olduğu üçüm fiaskoya uğradı. Sən öz müraciətində məni heç bir əsas olmadan iğtişaş törətməkdə günahlandırsan da, əslində irəli sürülən ittiham sənin mənə verməli olduğun 156 minin içərisində olan fəhlələrə ödəniləsi 24 min manatın ödənilməməsi üçündür. Yəqin, o pulu da oğlun bankdan mənimsədiyi 500 min manat kimi xarici ölkələrin birində kef məclislərinə xərcləyibdir. O pul sənin oğlunun sürdüyü avtomobilin təkərlərinin ümumi qiymətindən az olasa da fəhlə ailələlərinin çörəyidir. Onu da deyim ki, o işçilər məndən şikayətçi olmadıqlarını rəsmi şəkildə bildirirlər. Hamı daş dəyən yeri yaxşı bilir.

Bilirəm indi əhvalin bir o qədərdə yaxşı deyil, çox pərişansan. Hərçənd ki, Qardaş dediyin adamı şərləyib anasının rəhmətə getdiyi gün həbs etdirdiyin üçün əllərinin qabarı ilə çörəkpulu qazanan fəhlələrin, mal sahiblərinin, mənim pulumu vermədiyin üçün olmasa da pərişansan. Mənim müraciətimdən sonra Baş Prokrorluğun Goranboy rayonunun abadlaşdırılması məqsədilə ayrılmış vəsaitin istifadə istiqamətlərini və “Fəqan-Xidmət” MMC-nin fəaliyyətini yoxlaması nəticəsində ortaya çıxan faktlar kefinə soğan doğrayıb. Yəqin ki, bu yoxlama sənin rayondakı digər qanunsuz əməllərinin də üstünə işıq salıb.

Vəziyyəti belə görən oğlun da deyirmiş ki, mən Müqayis Verdiyevi tanımıram. Sənin tapşırığınla mənə ödənilən pulun bir hissəsini 22-AA-100 dövlət nömrə nişanlı avtomobillə gətirib rayon Təhsil Şöbəsinin qarşısında mənə verərək Bakıya yola salan o deyildimi? O, məni necə tanımır ki, mənim oğlumun toyunda qol qaldırıb oynayıb? 

Özünün də müəyyən yerlərdə etiraf etdiyin kimi sən çox kobud səhvə yol vermisən! Yəqin xatirindədir, mənim rayonun işıqlandırılması üçün 126 ədəd müasir işıqlandırma dirəyini və rayonun girişində üzərində qlobus və Goranboy yazısı olan konstruksiyanı quraşdırdığım? Sən onların pulunun da heç 20 fazini ödəməmisən. Verdiyini də cibindən veribsən məgər? Bu dövlətin ayırdığı pul sənin cibindədirmi?

Mən çox inaniram ki, qanunlarımızın ədaləti ilə həqiqət bərpa olunacaq və mən qısa müddətdə həbsdən azad olacağam. Dövlətə və dövlətçiliyə sədaqətli fəaliyyətimi davam etdirəcəyəm və prezident seçkisində ailəmlə birgə cənab prezidentə səs verməyə gedərkən sənin harda olduğun haqda düşünəcəyəm. Bilmək olmaz o zaman sən harda olacaqsan.

Müqayis Verdiyev/vəkili vasitəsi ilə".

Qeyd edək ki, bu ittihamlarla bağlı Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısı Nizaməddin Quliyevin köməkçisi Fuad Əliyev Qaynar.info-ya bildirdi ki, Müqayis Verdiyevin məktubundakı ittihamlar əsassızdır. O, icra başçısının oğlunun adının da bu məsələdə hallandırılmasının əsassız olduğunu dedi: "Bu işlərdə icra başçısının oğlunun adı qəsdən hallandırılır. Müqayis Verdiyev bunu ortaya atmaqla özünə haqq qazandırmaq istəyir. "Fəqan-Xidmət" MMC-nin icra başçısı və oğlu ilə heç bir əlaqəsi yoxdur. Baş Prokurorluqdan yoxlama gəlib və araşdırılmadan sonra məlum olub ki, MMC Mingəçevirdən olan Fəyaz adlı bir şəxsə məxsusdur. Bu məsələdə heç bir korrupsiyadan da söhbət gedə bilməz. Sadəcə, burada fəhlələrin pulu verilməmişdi, problem də ondan yarandı". 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->