Xəbər lenti

İcra başçısının sərvəti və satdığı mülklər (FOTOLAR)
Foto 21:17 17.02.2021

İcra başçısının sərvəti və satdığı mülklər (FOTOLAR)

Son vaxtlar ölkədə aparılan islahatlar çərçivəsində bir sıra məmurların sərvəti gündəmə gəlir. Hazırda sosial şəbəkələrdə müzakirə edilənlərdən biri də 10 ildir ki, Şəkidə icra başçısı vəzifəsini yerinə yetirən Elxan Usubovdur.

Qaynarinfo "bakupost.az"a istinadən xəbər verir ki, Elxan Usubovun Bakıda T.Şıxəliyev-6, Şəkidə L.Abdullayev-36, M.Ə.Rəsulzadə-293 ünvanlarında xidməti mənzilləri ilə yanaşı Ağstafada 1, Şəkidə 5 dəbdəbəli malikanəsi olduğu bildirilir.
 
Bununla yanaşı, icra başçısının Şəkidə süd zavodunun, "Sünbül” çörəkbişirmə sexinin və "Şəki”, "Narınqala”, "Şam bağı”, "Cənnət bağı” kimi otellərinin də olduğu iddia edilir. E.Usubova məxsus daha bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələri var.

"Dağüstü park” deyilən ərazidə "Panaroma” otelinin, Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərinin, Gürcüstanda böyük fındıq zavodunun, KEMİKO CO LTD MMC və A.Q.T.İ.M. MMC şirkətinin də Elxan Usubova aid olduğu haqda məlumatlar yayılıb.

İcra başçısı biznesini xaricə qədər uzadan vəzifəli şəxslərdəndir. Belə ki, onun Belarusda da biznes obyektlərinin olduğu iddia edilir.

İddia edilir ki, Elxan Usubov son vaxtlar mülklərini satışa çıxarıb. Satılan mülklər arasında Şəkidə, M.Ə.Rəsulzadə küçəsində yerləşən və Peterburqdakı "Qış Sarayı”nın oxşarı olan 5 milyon manatlıq villasının da olduğu vurğulanır.

Bundan başqa, icra başçısının Şəkinin Vərəzət kəndi yaxınlığında salınmış 76 ha sahəsi olan və müasir avadanlıqlarla təchiz olunmuş şaftalı bağını dəyərindən ucuz qiymətə, 8.5 milyona satmaq istədiyi bildirilir.

Qeyd edək ki, Elxan Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin mayın 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il may ayının 23-dən isə Şəkinin icra başçısı vəzifəsini icra edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->