İcra Hakimiyyətinin tender oyunu: Bir həftəlik şirkətə bu dəfə 120 min ayrıldı

İcra Hakimiyyətinin tender oyunu: Bir həftəlik şirkətə bu dəfə 120 min ayrıldı

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "SH Memorial” MMC olub.

Qaynarinfo yeniavaz.com-a istinadla xəbər verir ki, "SH Memorial” MMC Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin sifarişi əsasında Şəmkir şəhər S.Vurğun 277, 155/4, 155/8, 141/7, Çinarlı qəsəbə A.Mürşüdov 11/4, Şəhriyar 34 ünvanlarında dam örtüklərinin dəyişdirilməsi və Çinarlı qəsəbə S.Vurğun 160, Şəhriyar 48 ünvanlarında təmir işlərini həyata keçirəcək.

Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün İcra Hakimiyyəti "SH Memorial” MMC -yə 119 min 410 manat 55 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, "SH Memorial” MMC bu ilin may ayının 19-da Şəmkir rayon İcra Hakimiyyətinin elan etdiyi daha bir tender müsabiqəsinin qalibi olub. "SH Memorial” MMC Şəmkir rayonu, Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2 (iki) ədəd liftin alınması və quraşdırılması işləri üçün İcra Hakimiyyətindən 104 min 854 manat 80 qəpik alıb.

Tender müsabiqəsində maraqlı məqam odur ki, "SH Memorial” MMC cəmi 3 ay əvvəl – 01.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şəmkir rayon İcra Hakimiyyəti isə tender müsabiqəsini aprel ayının 8-də elan edib.

Bu barədə məlumat "Respublika” qəzetində dərc olunub (//www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/reklam-v-elanlar/item/26633-tender-elanlari).

Maraqlıdır ki, tenderin qalibi olan "SH Memorial" MMC tender elanından cəmi bir həftə əvvəl – 01.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.



Onu da bildirək ki, Şəmkir rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin şərtlərində açıq şəkildə qeyd olunub:

- Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

Göründüyü kimi, cəmi bir həftə əvvəl qeydiyyatdan keçən şirkətin son bir ildəki fəaliyyəti barədə hansısa sənəd təqdim etməsi mümkünsüzdür.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi bir-neçə gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da bildirək ki, İcra Hakimiyyətinin keçirdiyi 225 min manatlıq tenderlərin qalibi olan MMC Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatdadır. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Cavadov Pərvin Fərhad oğludur.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR