Ölkə 09:59 06.05.2021

İctimai nəqliyyatın virusun yayılmasında ciddi rolu yoxdur - Ekspert

"İctimai nəqliyyatın virusun yayılmasında rolu haqqında Operativ Qərargahın heç bir elmi araşdırması, daha doğrusu, əsaslandırması yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert hesab edir ki, bu gün Bakıda ictimai nəqliyyatın işləməməsi kifayət qədər ciddi problemlərə gətirib çıxardır:

"Operativ Qərargaha görə, bayram günləri ilə bağlı şəhərdə ictimai nəqliyyatın işləməməsi virusun yayılmasının qarşısını almağın yollarından biridir. Amma bundan öncə Novruz bayramında da 10 günə yaxın ictimai nəqliyyatın fəaliyyətinə ara verilmişdi. İctimai nəqliyyatın işləmədiyi müddətdən sonra virusun yayılmasında ciddi artım müşahidə olundu. Aprel ayından ictimai nəqliyyat işləyir, amma son bir həftədir ki, virusun yayılmasnda azalma müşahidə hiss olunur”.

Natiq Cəfərli bildirib ki, ictimai nəqliyyatın virusun yayılmasında ciddi bir rolu yoxdur: 

"Ona görə də bu məsələyə Operativ Qərargah yenidən baxmalıdır. Bayram günlərində kifayət qədər işləyən sahələr var. Ticarət və iaşə obyeklərində çalışan vətəndaşların işdən evə, işdən evə getməsndə böyük çətinliklər yaranır. Əsasən dövlət müəssisələri, yaxud da büdcədən maliyyələşən təşkilatlar işləmir. Özəl şirkətlər, dükan və bazarlar çalışır. Orada işləyən işçilərin isə əmək haqqı çox aşağıdır. İctimai nəqliyyat işləməyəndə həmin adamlar taksi xidmətindən istifadə edir. Bu da əlavə xərc deməkdir, onların gəlirlərinin böyük bir hissəsi taksilərə gedir”.

Bahar Rüstəmli