Ekonomiks 18:25 16.12.2019

İlham Əliyev: "Bu qəza bizə çox baha başa gəldi"

"Bu, bizim strateji obyektimizdir. Keçən ilin yayında baş vermiş qəza əlbəttə ki, bizə çox baha başa gəldi. Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı". 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı ötən ilin yayında Mingəçevir Elektrik Stansiyasında baş verən qəzadan danışıb. Prezident bildirib ki, qəzadan özümüzü sığortalamaq məsələləri "Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifədir: 

"Bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri "Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanıb. Eyni zamanda, 400 meqavat gücündə olan "Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir.

Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər. Generatorların quraşdırılması nə yerdədir? Bu iş başa çatıb, yoxsa yox?"

Baba Rzayev cavabında bildirib ki, bu iş artıq 100 faiz başa çatıb: "Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb".