"Ağdamı yerlə-yeksan etmək görünməmiş vəhşilikdir, bu vəhşilik cavabsız qalmayacaq”"Ağdam şəhəri azad olunandan sonra biz onu yenidən quracağıq. Çünki vəhşi, mənfur düşmənlər Ağdamı yerlə-yeksan etdilər. Ağdamın indiki görüntüləri, şəkillər, videogörüntülər var. Şəhəri yerlə-yeksan etmək görünməmiş vəhşilikdir. Bizim tarixi abidələrimiz, məscidlərimiz, tarixi yerlərimiz dağıdılıb, talan edilib. Bunu kim edib? Ermənilər - vəhşilər ediblər”.
Bunu Prezident İlham Əliyev Bərdədə məcburi köçkün ailələri üçün yeni salınmış məhəllə ilə tanışlıq zamanı deyib.
Dövlət başçısı bu vəhşiliyin cavabsız qalmayacağını bildirib: "Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki müxtəlif amillər var. Birincisi, inkişaf edən Azərbaycandır, tənəzzülə gedən Ermənistan. Bu, artıq reallıqdır. Azərbaycan getdikcə güclənir, Ermənistan getdikcə zəifləyir. Azərbaycanın iqtisadi, hərbi gücü artır, Ermənistan isə artıq etiraf edib ki, öz gücünə öz təhlükəsizliyini təmin edə bilmir və son hadisələr bunun əyani sübutudur. Dünya mətbuatı da bunu qeyd edir ki, Ermənistan öz təhlükəsizliyini təmin edə bilmədiyi üçün müxtəlif addımlara əl atır. Ancaq biz tam şəkildə özümüz öz hesabımıza yaşayırıq, öz inkişafımızı da, təhlükəsizliyimizi də özümüz təmin edirik.
Ondan sonra demoqrafiya məsələləri var. Mən bu məsələni dəfələrlə vurğulamışam. Bizim əhalimiz müharibə dövründən bəri nə qədər artıb?! Azərbaycanda 9 milyon 400 mindən artıq vətəndaş var. Ermənistanda isə azalıb. İndi iki milyondan azdır. İndiki Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan nə qədər hakimiyyətdə qalsa, bizim torpaqlarımız o qədər də tez azad olar. Çünki o adam və onun ətrafındakılar Ermənistanı uçuruma aparıblar. Artıq uçurumdadırlar. Çünki iqtisadiyyat çöküb, əhali qaçır. Elə onların özlərinin rəsmi statistikasına görə hər il 80 min erməni bu ölkəni birdəfəlik tərk edir. Belə getsə, 5-6 ildən sonra orada bir milyondan az adam qalacaq. İndi təmas xəttində bizim mövqelərimiz qorunur, əsgərlər orada dayanıblar, orada Ermənistan tərəfini təmas xəttini qorumaq üçün canlı qüvvə yoxdur. Boşluqlar var. Bu proses tədricən daha da sürətlə gedəcək. Çünki həm gücümüz artır, eyni zamanda, biz Ermənistanı müəyyən qədər təcrid vəziyyətində saxlayırıq. Tam təcrid deyil, çünki onların digər qonşularla sərhədləri açıqdır. Ancaq Azərbaycan və Türkiyə sərhədləri bağlı olduğu üçün bu, müəyyən mənada onlara ciddi iqtisadi zərbədir. Əlbəttə ki, torpaqlar işğaldan azad olunana qədər bu vəziyyət belə olacaqdır, belə də olmalıdır”.
Qaynar.info
Şərhlər