Xəbər lenti

İlham Əliyev D230 bloku üzrə sazişi təsdiqlədi
Ölkə 21:25 13.11.2018

İlham Əliyev D230 bloku üzrə sazişi təsdiqlədi

Xəzərin Azərbaycan sektorundakı D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə saziş təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.

Qaynarinfo xəbər verir ki, prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanun imzalayıb.

Qanuna əsasən, "Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib. Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçı tərəflərə verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qəbul edilib və onların həyata keçirilməsinə icazə verilib. Sazişin əsas mətninə edilmiş on üç Əlavə və SOCAR-ın Ortaq Neft Şirkətinin yaradılmasına dair Qoşma qəbul edilib və onların həyata keçirilməsinə icazə verilib.

Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

Xatırladaq ki, bu il aprelin 26-da Londonda prezident İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri xanım Tereza Meyin iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR, "BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. 25 illik müddəti əhatə edən hasilatın pay bölgüsü haqqında sazişə əsasən BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. D230 bloku üzrə ilk seysmik tədqiqatın 2019-cu ilin birinci yarısında aparılması planlaşdırılır.

Bundan əvvəl, 2016-cı ilin may ayında BP D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalamışdı.

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->