Xəbər lenti

İlham Əliyev Davosda vacib görüşlər keçirdi (FOTOLAR)
Ekonomiks 17:52 24.01.2018

İlham Əliyev Davosda vacib görüşlər keçirdi (FOTOLAR)

Prezident İlham Əliyev Davosda "IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, xanım Cinni Rometti Azərbaycan ilə əməkdaşlığın uğurlu olduğunu, "IBM” şirkətinin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda birgə müəssisə yaratdığını vurğulayıb. Bunun da ölkəmizin coğrafi mövqeyi, uğurlu inkişafı və innovasiyaya yüksək qiymət verməsi ilə bağlı olduğunu deyən Cinni Rometti bu müəssisənin yaradılması ilə Azərbaycanda insan kapitalının daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Prezident "IBM” şirkətinin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu, mövcud əməkdaşlığın gələcək əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, "IBM” şirkətinin Azərbaycana yatırdığı investisiya nəticəsində yüksək ixtisaslı kadrlardan ibarət yeni iş yerləri açılacaq, SOCAR-"IBM” əməkdaşlığı nəticəsində ən müasir texnologiyalardan istifadəyə geniş imkan yaradılacaq, SOCAR-ın əməkdaşları müasir texnologiyalardan istifadə edərək bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Layihə üzərində 1500-dək işçi çalışacaq ki, bu da dünya səviyyəli mütəxəssislərin hazırlanmasına rəvac verəcək. Layihədə Bakı Ali Neft Məktəbinin, o cümlədən Azərbaycanın digər universitetlərinin iştirakı da təmin olunacaq. Bu layihənin icrası nəticəsində ölkəmizin regionda innovasiyaların tətbiqi sahəsində nüfuzu daha da artacaq.



Dövlət başçısı Davosda ABŞ-ın "Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteynlə də görüşüb.

Görüşdə Azərbaycan Dövlət Neft Fondu ilə "Carlyle Group” arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.



İlham Əliyev bu gün həmçinin Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüş keçirib.

Görüşdə "Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparıldı, bu ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının keçiriləcəyi qeyd olunub.

Söhbət zamanı TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi, TANAP qaz kəmərinin bu il ərzində istismara verilməsi, "Şahdəniz-2” yatağından ilk qazın hasil olunması ilə bağlı məsələlər müzakirə edilib.



İlham Əliyev həmçinin Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulanıb. Bu il "Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət edib.



Prezident Davosda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->