Azərbaycan Prezidenti İlham Əliyev Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş hadisə ətrafında vəziyyəti nəzarət altında saxlayır.
Virtualaz.org-un əməkdaşı ilə söhbətində bunu Azərbaycanın Rusiyadakı fövləqadə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
Səfir qeyd edib ki, dövlət başçısı yaranmış vəziyyətlə əlaqədar zəruri bütün göstərişləri verib. O cümlədən Azərbaycanın Moskvadakı səfirliyinə də tapşırıqlar verilib. Azərbaycan səfirliyi bu məsələ ilə sıx məşğuldur, münaqişənin həllinə cəlb edilmiş azərbaycanlılarla görüşlər keçirilib.
Polad Bülbüloğlu əlavə edib ki, bu gün o, Azərbaycan DİN təmsilçisi, general-mayor Əkbər Yusifovla birlikdə Rusiya DİN Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Oleq Baranovla görüş keçirib.
Görüşdə yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və münaqişənin qızışdırılmasının yolverilməzliyi ilə əlaqədar tədbirlər müzakirə olunub. Oleq Baranova Azərbaycan və çeçen xalqlarını bir-birinə bağlayan dostluq və mehriban qonşuluq hissləri, Moskvanın çoxmilli meydançasında bu cür idarəolunmaz vəziyyətə keçməsinin qarşısı alınmalı olan, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən hadisələrin yolverilməzliyi barədə məlumat verilib.
Səfirin sözlərinə görə, general-leytenant Oleq Baranov bildirib ki, hər iki hadisə ilə əlaqədar operativ işlər görülür, ələlxüsus "Neolit” kafesinə hücum faktı üzrə yaxın zamanda ittihamlar irəli sürüləcək, həmçinin taksi sürücüsünün qətlində əli olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və saxlanılması, bu hadisənin araşdırılması üzrə intensiv işlər aparılır. Cinayət işləri məhkəməyə veriləcək və ictimaiyyət bununla bağlı məlumatlandırılacaq.
General-leytenant əmin edib ki, vəziyyət şəhər hakimiyyətinin və polisin tam nəzarəti altındadır və bütün zəruri tədbirlər görüləcək.
Polad Bülbüloğlu əlavə edib ki, dünən və bu gün o, bu məsələnin həllinə bilavasitə cəlb olunmuş azərbaycanlılarla bir sıra görüşlər keçirib.
"Dönə-dönə xahiş edirik ki, yalan məlumatlara və təxribatçı bəyanatlara inanmayasınız. Səfirlik bilavasitə bu problemlə məşğuldur və ictimaiyyəti hadisələrin sonrakı inkişafı barədə məlumatlandıracaq”, - o bildirib.
Şərhlər