Xəbər lenti

İlham Əliyev qəbullar keçirdi (YENİLƏNİB)
Foto 12:00 16.07.2026

İlham Əliyev qəbullar keçirdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Azərbaycan Prezidenti ölkəmizin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu bildirən Məhəmməd Mustafa Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Mahmud Abbasın ölkəmizə səfərini, həmçinin beynəlxalq tədbirlər çərçivəsində onunla görüşlərini məmnunluqla xatırlayıb.

Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyərək, bu durumdan dostların köməyi ilə çıxa biləcəklərinə ümidvarlığını ifadə edib. Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin ölkəmizdəki səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib.

Görüşdə 2013-cü ildə ölkəmizin ev sahibliyi etdiyi "İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans"ın və "Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı"nın nəticəsi olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı etməsi xatırlanaraq, ölkəmizin, eyni zamanda, BMT-nin UNRWA təşkilatı vasitəsilə də Fələstinə yardım etdiyi vurğulanıb.

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması yüksək qiymətləndirilib.

Baş nazir bunlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Söhbət zamanı Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsi müzakirə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
***
 
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.

Söhbət zamanı dövlət başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlanıb.

Qonaqlar Azərbaycanda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını deyiblər.

"John Deere" şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirib.

Görüş əsnasında Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanıb, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycanla "John Deere" şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Qeyd edək ki, "John Deere" 1837-ci ildə ABŞ-də yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan "John Deere"nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->