İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik ediblər.
Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.
Azərbaycan Prezidenti və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüblər, onları Qələbə bayramı münasibətilə təbrik ediblər.
Dövlətimizin başçısı və birinci xanım İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.
Mərasimdə Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Şərhlər