Xəbər lenti

İlham Əliyev - Qələbə, iqtisadi güc və dövlət nüfuzunun memarı
Siyasət 15:52 22.12.2025

İlham Əliyev - Qələbə, iqtisadi güc və dövlət nüfuzunun memarı

Müasir Azərbaycan tarixinin ən mürəkkəb, eyni zamanda ən şərəfli mərhələsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə Azərbaycan yalnız sosial-iqtisadi inkişaf mərhələsi keçməmiş, həm də öz dövlətçilik tarixinin ən mühüm strateji məqsədlərinə nail olmuşdur. Bu dövr güclü siyasi iradə, çevik idarəçilik, milli maraqlara söykənən prinsipial mövqe və tarixi ədalətin bərpası ilə səciyyələnir.

Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət idarəçiliyi sistemli və məqsədyönlü şəkildə formalaşdırılmış, milli təhlükəsizlik, iqtisadi müstəqillik və sosial rifah əsas prioritetlər kimi müəyyən edilmişdir. Xüsusilə COVID-19 pandemiyası dövründə dövlətin çevik qərarları və operativ idarəetməsi Azərbaycanı bu qlobal böhrandan minimum itkilərlə çıxaran ölkələrdən birinə çevirdi. Qısa müddətdə səhiyyə sisteminin səfərbər edilməsi, Operativ Qərargahın yaradılması, vaksinasiya strategiyasının vaxtında qəbul olunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezidentin böhran idarəetmə qabiliyyətinin bariz nümunəsi oldu. Pandemiya dövründə və postpandemiya mərhələsində əhaliyə və biznes subyektlərinə milyardlarla dollar həcmində dəstək paketlərinin ayrılması sosial dövlət modelinin real təzahürü kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin zirvə nöqtəsi isə Azərbaycan tarixində əbədi qalacaq Zəfər salnaməsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti İlham Əliyevin rəhbərliyi dövründə keyfiyyətcə yeni mərhələyə yüksəldi. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi sənayenin yaradılması, şəxsi heyətin sosial təminatının yaxşılaşdırılması və müasir döyüş texnologiyalarının tətbiqi Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü ordularından birinə çevirdi. Bu uzunmüddətli və məqsədli strategiyanın nəticəsi 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində öz tarixi bəhrəsini verdi.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalq–ordu birliyi və milli ruhun gücü nəticəsində Azərbaycan işğal altındakı torpaqlarını azad etdi, ərazi bütövlüyünü bərpa etdi və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Şuşanın azad olunması bu Qələbənin həm hərbi, həm də mənəvi zirvəsi oldu. 300-dən çox şəhər və kəndin azad edilməsi, daha sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması Prezidentin siyasi uzaqgörənliyinin və diplomatik məharətinin nəticəsi idi.

Müharibə dövründə Prezident İlham Əliyevin apardığı qələbə diplomatiyası XXI əsrin informasiya müharibəsi tarixində ayrıca yer tutur. Dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr vasitəsilə Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı, dezinformasiya cəhdləri ifşa edildi və ölkəmizin haqlı mövqeyi qlobal səviyyədə qəbul olundu. Bu diplomatik mübarizə hərbi qələbəni informasiya müstəvisində də möhkəmləndirdi.

2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. Dövlət bayrağının Xankəndidə qaldırılması Prezident İlham Əliyevin illər əvvəl verdiyi sözün əmələ çevrildiyini bir daha sübut etdi. Dövlət Suverenliyi Gününün təsis edilməsi isə bu tarixi mərhələnin rəsmi-siyasi təsdiqi oldu.

Qələbənin yalnız hərbi deyil, eyni zamanda mənəvi və sosial ölçüləri də vardır. Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis olunan orden və medallar, Zəfər Günü, Zəfər paradları, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi xalqın yaddaşında bu tarixi hadisələrin əbədiləşdirilməsinə xidmət edir. Eyni zamanda şəhid ailələri və qazilərə göstərilən misilsiz sosial dəstək dövlət–vətəndaş münasibətlərində yeni bir mərhələ yaratmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı postmünaqişə dövrünün ən genişmiqyaslı və sistemli bərpa layihələrindən biridir. Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə inşa olunan şəhər və kəndlər, yollar, hava limanları, enerji və sosial infrastruktur bu ərazilərin yenidən dirçəldiyini nümayiş etdirir. Minatəmizləmə, sənaye parklarının yaradılması, məşğulluğun təmin edilməsi və təhsilin təşkili Böyük Qayıdışın davamlılığını təmin edən əsas amillərdir.

Bu gün on minlərlə insan öz doğma yurdlarına qayıdır, yaşayır, işləyir və təhsil alır. Bu, yalnız fiziki qayıdış deyil, tarixi ədalətin, milli ləyaqətin və dövlət suverenliyinin qayıdışıdır. Prezident İlham Əliyevin uzaqgörən strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ümumi iqtisadi sisteminə reinteqrasiya olunur və regionun inkişafına yeni nəfəs gətirir.

Prezident İlham Əliyevin fəaliyyəti sübut etdi ki, sözlə əməl bir olduqda dövlət güclənir, xalq birləşir və tarix dəyişir. Onun rəhbərliyi dövründə Azərbaycan qalib dövlət, xalq isə müzəffər xalq kimi öz yerini regionda və dünyada möhkəmləndirmişdir. Bu yol təkcə ötən illərin deyil, gələcək nəsillərin də qürur mənbəyi olacaq bir dövlətçilik salnaməsidir.
 

Elnarə Akimova
Milli Məclisin deputatı, 
YAP İdarə Heyətinin üzvü, 
filologiya elmləri doktoru 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->