Foto 14:20 03.03.2019

İlham Əliyev və Leyla Əliyeva ulduzların oyununda (FOTOLAR)

Xəbər verdiyimiz kimi, bu gün Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında "Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.

Prezident İlham Əliyev və qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatıb.

Sonra İlham Əliyev oyunu izləyən azarkeşlər, uşaqlarla görüşüb, xatirə şəkilləri çəkdirib.

Qeyd eək ki, "Bakı 2019: Ulduzlar Finalı”nda "Qərb Ulduzları” və "Şərq Ulduzları” komandaları qarşılaşıblar. Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Vəli Qasımov, Nazim Süleymanov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, müsabiqə əsasında seçilmiş gənc futbolçular Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və "İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da oyunda iştirak ediblər.