"Mən sizi - birinizi Neftçala, birinizi də İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir - vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək. Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, İsmayıllı və Neftçala rayonlarının sosial-iqtisadi inkişafı üçün bir çox layihələr icra edilib:
"Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. Hazırda dördüncü proqram icra olunmaqdadır və əminəm ki, 2023-cü ilə qədər rayonların infrastruktur və sosial problemləri tamamilə öz həllini tapacaq. Həm qazlaşdırma, həm elektrik enerjisinin təchizatı, həm də kənd yollarının çəkilişi, içməli su layihələrinin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir və bir çox layihələr icra edilib. Bildiyiniz kimi, bu layihələr mərkəzi icra orqanları tərəfindən dövlət investisiya proqramı çərçivəsində icra edilir. Eyni zamanda, sosial obyektlərin tikintisi, təmiri də mərkəzi icra orqanları tərəfindən həyata keçirilən layihələrdir.
Sizin isə işiniz əsasən rayonda mövcud olan potensialı səfərbər edib, həm iqtisadi artımı təmin etmək, iş yerlərinin yaradılması ilə bağlı əməli addımlar atmaq və rəhbərlik edəcəyiniz rayonlara sərmayənin gətirilməsinə nail olmaqdır. Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər. Özləri fəal olmalıdırlar, özləri investorları tapmalıdırlar, onları inandırmalıdırlar və cəlb etməlidirlər. Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında süni əngəllər törədilir. Yaxud da ki, yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürlər. Ona görə bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır. Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir. O problemləri ki, müəyyən səbəblərə görə siz özünüz həll edə bilmirsiniz, gərək mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə təkliflər verəsiniz və fəal olasınız".
Şərhlər