Siyasət 18:47 26.02.2021

İlham Əliyevdən Paşinyanla Sarkisyanı bitirəcək açıqlamalar (ŞƏRH)

Prezident İlham Əliyevin bu gün keçirilən mətbuat konfransında İrəvanda yaşanan siyasi proseslərlə bağlı səsləndirdiyi açıqlamalar uzun müddət Ermənistanın siyasi gündəmində əsas müzakirə mövzusu olacaq. 

Qaynarinfo xəbər verir ki, İlham Əliyev Ermənistanda baş verənləri bu ölkənin daxili işi hesab etməklə yanaşı, Baş nazir Nikol Paşinyanı və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı da ifşa edib. 

İlk olaraq, Əliyevin Paşinyanın Rusiya üçün az qala namus məsələsinə çevrilən "İskəndər” raketləri ilə bağlı dediklərini təkzib etməsinə diqqət edək:  
"Biz "İskəndər” raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu, sadəcə publik şəkildə deyilmiş boş söz idi… O ki qaldı Ermənistan baş nazirinin "İskəndər” raket kompleksi ilə bağlı bəyanatlarına, o bizdə də suallar doğurub. Mən bunu ironiyalaşdırmaq istəməzdim. Bu məsələyə istər Rusiyanın rəsmi şəxsləri, istər parlament üzvləri, istərsə də ekspertlər tərəfindən kifayət qədər şərh verilib ki, raketin 10% partlaması üçün gərək xeyli çalışasan”. 

Rəqiblərini faktiki olaraq "İskəndər” raket kompleksləri ilə gərginlikdə saxlayan Rusiya üçün Paşinyanın məlum sözlərindən sonra indi ən önəmlisi "İskəndər"in timsalında özünün hərbi sənayesini xilas etməkdir. Bu, Rusiyanın siyasi elitası üçün reputasiya və milyardlar deməkdir. Şübhəsiz ki, İlham Əliyev də bunu hesablayıb, Azərbaycanın gözləntiləri müqabilində Moskvaya jest edib. Məhz bu səbəbdən də 44 günlük döyüşlərdə dronlara asan yem olan Rusiya istehsalı olan hərbi texnikalar barədə musbət fikir bildirib: 

"Əsas hərbi texnikamız Rusiya istehsalıdır. Ermənistandan fərqli olaraq biz heç vaxt ondan şikayətlənməmişik, ümumiyyətlə, buna səbəb də olmayıb. Rusiyanın hərbi texnikası bəzi göstəricilərinə görə dünyanın ən yaxşısıdır, bütövlükdə, dünyanın ən yaxşılarındandır. Sadəcə, o, doğru əllərdə olmalıdır ki, sonra belə əsassız ittihamlar da olmasın, bu da Ermənistanda hərbi-siyasi böhrana yol açıb”.

Bir sözlə Əliyev bununla Paşinyana siyasətdə çox naşı olduğunu, hansı sözü nə vaxt və necə işlədəcəyini bilmədiyini demiş oldu.  

Həmçinin, Prezident açıqlaması ilə Paşinyan hakimiyyəti üçün real təhlükə mənbəyi olan "Qarabağ klanı”nın lideri Serj Sarkisyanı yalan danışmaqda və verdiyi sözə əməl etməməkdə ittiham edib. 

"Sarkisyan bizə Rusiyadakı görüşdə vəd vermişdi ki, işğalda olan əraziləri qaytaracaq. O, bunun üçün iki həftə istəmişdi. Sonra vəziyyətin pisləşməsini əsas gətirərək məsələni uzatdı".

Qeyd edək ki, Sarkisyan erməni mediasına verdiyi son müsahibəsində bildirmişdi ki, 2016-cı ilin aprelində hərbi əməliyyatların dayandırılması üçün Azərbaycan xahiş etmişdi. "Çünki Azərbaycan tərəfi güclü əks-hücumla qarşılaşdı və Rusiyaya müraciət etdi ki, müharibəni dayandırsın''.

2016-cı ilin aprelində 4 günlük müharibənin niyə dayandırıldığı əslində çoxdan bəllidir və o zaman hücumda olan, düşmənin müdafiə xəttini iki istiqamətdən yarıb əlverişli yüksəkliklərdə möhkəmlənən Azərbaycan ordusunun məhz Ermənistan rəhbərliyinin Rusiyaya yalvarışları nəticəsində dayandırıldığı haqda bir çox mötəbər rəsmilər artıq danışıblar.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da demişdi ki, Sarkisyan Aprel müharibəsinin dayandırılmasının səbəbi barədə yalan danışır və əslində müharibə onun xahişi ilə dayandırılıb. Sarkisyan Rusiya vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə vəd verib ki, işğal altındakı rayonların boşaldılmasına dair qrafiki təsdiq edəcək.

"Aprel müharibəsi erməni tərəfinin vədlərindən sonra dayandırıldı. Verilmiş vədlərin 2016-cı ilin yayında yerinə yetirilməsinə dair müəyyən qrafik də nəzərdə tutulurdu. Lakin həmin ilin yayında "Sasna tsrer'' qiyamı baş verdi və Serj Sarkisyan bundan istifadə edərək verdiyi vədlərin yerinə yetirilməsini 2017-ci ilin aprelinə qədər, sonra isə hakimiyyətdən gedənə qədər uzatdı. Bu adam çoxsaylı vədlər verərək Ermənistanın üzərinə belə yük qoydu, sonra postunu tərk etdi və indi çıxıb deyir ki, "mən hansısa kağızı imzalamağa, hansısa addımı atmağa hazır idim''. 

Bu baxımdan Prezident İlham Əliyevin Sarkiysanla bağlı dedikləri ilə Ermənistan rəsmilərinin açıqlamaları üst-üstə düşür. Göründüyü kimi, yalançı və sözünü tutmayan Sarkisyanın reputasiyası bir daha zədələnmiş oldu. Bununla Xocalı qatilinin yenidən hakimiyyətə qayıtmaq imkanları kəskin məhdudlaşacaq…

Orxan Həsənli