İdman 13:47 13.09.2021

"İmarət"dən "Neftçi"nin baş məşqçisinə: "Samir Abbasov həddini aşdı"

Dünən "Bakcell Arena"da baş tutan "Neftçi" - "Qarabağ" matçında bir sıra maraqlı məqamlar yaşandı.

Qaynarinfo xəbər verir ki, oyuna damğa vuran məqamlardan biri "Qarabağ" azarkeşlərinin "Neftçi"nin baş məşqçisi Samir Abasovu istefaya çağırması oldu. Düzdür, Samir bəy oyundan sonrakı mətbuat konfransında buna cavab olaraq aşağıdakı fikirləri səsləndirmişdi: 

"Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Samir 7 il sonra gəldi və onların əlindən çempionluğu aldı. Əlbəttə, onlar üçün Samirin getməyi yaxşıdır".

Sözügedən kreativ ideyanın yaradıcıları olan İmarət Azarkeş Qrupu isə atdıqları addıma sosial şəbəkədəki səhifələri vasitəsilə aydınlıq gətirib və səbəbini izah edib:

"Dünənki matçda azarkeşlərimizin "Samir, istefa” şüarları səsləndirməsi sırf rəqib azarkeşə göndərmə idi. Uduzan məşqçini istefaya səsləmək onların adəti olduğundan bu şüar bir atmacaydı. Yoxsa bizim üçün fərq etməz "Neftçi"nin baş məşqçisi kimdir. Kim olur olsun, yenə bizim üçün rəqib olacaq. Qaldı ki, Samir Abbasova hörmətsizliyə, bu hadisə bu günə qədər baş verməmişdi, ancaq bu gündən sonra baş verəcək. Çünki Samir Abbasov həddini aşıb, hələ utanmaz-utanmaz bunu mətbuat konfransında da dilə gətirib. Avropa ölkələrinin çempionatlarında belə baş məşqçilər azarkeşə bu cür cavab vermir. Abbasov deyib ki, "çempionluğu əllərindən almışam”. Hə, Samir Abbasov, çempionluğu almısınız. Amma bizim əlimizdən yox. Bizim əlimizdən alsaydın halalın olardı, bu gün də təkərə düşməzdin. Çempionluğu kimin əllərindən aldığın hamıya məlumdur. Bizimsə sənin əlindən heç nəyini almaq fikrimiz yoxdur".

Səbuhi Həsənov