Siyasət 18:09 11.06.2013

İmdad Xomeyni niyə bağlandı?

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin bağlanmasının səbəbini açıqlayıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, xarici işlər nazirinin müavini deyib ki, İran bir sıra məsələləri Azərbaycan rəsmiləri ilə görüşlərdə qaldırıb: “Onlar İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin bağlanmasını bizə belə izah ediblər ki, Azərbaycan artıq iqtisadi cəhətdən inkişaf edib. Ona görə də Azərbaycanda xarici xeyriyyə təşkilatlarının fəaliyyət göstərməsinə ehtiyac yoxdur”.

İran XİN sözçüsü vurğulayıb ki, hazırda bu məsələ ilə bağlı rəsmi Tehran Azərbaycan rəsmiləri ilə danışıqlar aparır: “Biz bununla İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin yenidən fəaliyyətə başlaması üçün yeni yollar tapmağa çalışırıq”.

 A.Əraqçı həmçinin Azərbaycanda İran əleyhinə həyata keçirilən bir sıra tədbirlərə də münasibət bildirib: “Biz Azərbaycan rəsmilərinin dövləti bu cür tədbirlərdən uzaq tutmağa cəhd göstərdiyinə şahidik. Onlar inanırlar ki, bu cür addımlar bölgənin və iki ölkənin dincliyi və sabitliyi üçün zərərlidir, iki dövlətin zəifləməsinə gətirib çıxaran hərəkətlərdir. Azərbaycan tərəfi bunu bizə əminliklə söyləyib. Biz də onlara inanmaq istəyirik. Əgər Azərbaycan rəsmilərində belə bir inam varsa, onda gərək daha artıq məsələnin üzərində çalışsınlar və bu cür tədbirlərin həyata keçirilməsinə imkan verməsinlər”.