Siyasət 14:28 03.09.2013

İmzatoplama kampaniyası necə davam edir? - SORĞU

Prezident seçkilərində namizədliyi MSK tərəfindən təsdiqlənmiş şəxslərin imzatoplama kampaniyası bu həftə başa çatacaq.

Hələlik imza vərəqəsi götürmüş iddiaçılardan yalnız prezident İlham Əliyev və Ümid Partiyasının sədri İqbal Ağazadənin seçki qərargahları imzatoplama kampaniyasını başa çatdıraraq, müvafiq imzaları  Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Digər namizədlər isə imzatoplama kampaniyasını davam etdirir. APA kampaniyanın gedişini öyrənmək məqsədilə namizədlərin seçki qərargahları ilə əlaqə saxlayıb.
 
Prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Qüdrət Həsənquliyevin müavini Elçin Mirzəbəyli APA-ya açıqlamasında bildirib ki, imzatoplama kampaniyası artıq yekunlaşıb və 43 min imza artıq toplanıb: “Partiyanın rayon təşkilatlarının üzvlərindən də imzalar daxil olur. Biz onlardan imzaları qəbul edərək yoxlayırıq. Prinsip etibarı ilə imzatoplama kampaniyasını başa çatmış hesab etmək olar. Bir neçə gün ərzində imzaların dairələr üzrə yoxlanması prosesi aparılacaq və imza vərəqələri müvafiq qaydada hazırlanaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq”.
 
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Araz Əlizadə APA-ya deyib ki, imzatoplama kampaniyası hələlik davam edir: “Nümayəndələrimiz bölgələrdə imza toplayırlar. Toplanan imzalar partiyada araşdırılır. Kampaniya yaxın günlərdə başa çatacaq və toplanan imzaların sayı açıqlanacaq”.
 
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahının rəhbərlərindən  Həsən Kərimov APA-ya bildirib ki, artıq 35 mindən çox imza toplanıb: “Hesab edirəm ki, imzatoplama kampaniyasını sabah yekunlaşdıracağıq. Artıq bölgələrdən imza vərəqələri daxil olub və ekspert qrupu yaradılıb. Ekspertlər həmin imza vərəqələrini yoxlayır və müəyyən səhvlər olduğu halda düzəlişlər aparırlar. Proses davam etdirilir, bu sahədə heç bir problem yoxdur”.
 
ADP sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu APA-ya açıqlamasında kampaniyanın davam etdirildiyini vurğulayıb və əhalinin passiv mövqeyindən şikayət edib: “Kampaniya bütün regionlar üzrə aparılır. Proses gedir, lakin bir az çətindir. Müəyyən miqdarda imzalar toplansa da, əhalidə seçkilərlə bağlı aydın təsəvvür yoxdur. Bəziləri Azərbaycanda seçki ilinin olmasından belə məlumatsızdır. Əhalini MSK məlumatlandırmalıdır. Ona görə də işimiz həddən artıq ağır gedir. Lakin ümid edirik ki, imzaları toplaya biləcəyik. Çünki prosesdə kifayət qədər adam iştirak edir. Yəqin ki, sentyabrın 8-ə kimi prosesi yekunlaşdıra biləcəyik”.
 
Azadlıq Partiyasının sədri, prezidentliyə namizəd Əhməd Oruc isə APA-ya deyib ki, proses gedir, kampaniya artıq yekunlaşmaq üzrədir: “İmzaların sayı artıq 40 minə çatıb. Lakin bir neçə rayon üzrə imza vərəqləri hələ də qalıb. İmza vərəqələrinin yoxlanılması, vərəqələrin doldurulması prosesi gedir. Yəqin ki, sentyabrın 8-ə kimi proses yekunlaşacaq”.
 
Prezidentliyə namizəd Zahid Orucun seçki qərargahının rəhbəri Ərəstun Əlioğlu isə APA-ya açıqlamasında indiyə qədər 44 minə yaxın imza toplandığını və prosesin artıq yekunlaşmaq üzrə olduğunu deyib: “Əsasən 74 dairə üzrə imzalar toplanıb. Hazırda imzaların yoxlanılması prosesi gedir. Bu gün imzaları Mərkəzi Seçki Komissiyasına təqdim etməyi planlaşdırırıq”.
 
Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev APA-ya artıq imzatoplama kampaniyasının başa çatdığını bildirib. Onun sözlərinə görə, 45 min imza toplanıb və yoxlama prosesi aparıldıqdan imza vərəqələri 2 gün ərzində MSK-ya təqdim ediləcək.

Qaynar.info