Sağlamlıq 15:10 26.11.2018

Çində genetikası dəyişdirilmiş uşaqlar dünyaya gəlib

Çində genetikası dəyişdirilmiş uşaqların doğulduğu iddia edilir.

Qaynarinfo xəbər verir ki, metod 7 qadın üzərində həyata keçirilib. İlk uğurlu sınaqdan sonra 2 qız uşağı dünyaya gəlib. Mayalanma prosesində HİV/GİÇS virusu daşıyıcısı olan kişilərdən istifadə edilib. Belə ki, embrionlara müdaxilə edilərək virusun hüceyrəyə girməsinə səbəb olan proteini yaradan CCR5 geni deaktiv edilib. Sınağın məqsədi HİV virusuna qarşı immunitetin yaradılmasına nail olmaqdır.

Bu tip sınaqlar insanlar üzərində təcrübə kimi qiymətləndirilir və bir çox ölkələrdə qadağandır. Prosesə çinli alim He Jiankui rəhbərlik edib. Layihədə ABŞ-dan olan alimlər də iştirak edib. Əgər He Jiankuinin iddiası təsdiqlənsə, tibb sahəsində yeni səhifə açılacaq.

Qeyd edək ki, genetik dəyişiklik etməklə "super insan" yaratmaq, canlıların xüsusiyyətlərini dəyişmək, keyfiyyətlərini artırmaq son dövrlər ortaya atılan təhlükəli ideyalardan hesab olunur. Bir çox alim "super insanlar"ın yaradılmasının digər insanların məhvi ilə nəticələnməsindən ehtiyyat edir.

Gülşən