2026-cı il dünya çempionatında ABŞ–Belçika oyunu ərəfəsində qırmızı vərəqəyə görə cəzalı olan Folarin Baloqunun cəzasının Donald Trampın FIFA prezidenti Canni İnfantino ilə görüşündən sonra dayandırılması ətrafında yaranan qalmaqal daha da dərinləşib.
Qaynarinfo xəbər verir ki, FIFA-nın müstəqilliyinin araşdırılmasını tələb edən Avropa Parlamenti üzvlərinə Almaniya, Belçika və Norveç futbol federasiyaları da dəstək verib.
Son günlər futbol ictimaiyyətində ən çox müzakirə olunan mövzulardan biri FIFA ilə UEFA arasında illərdir davam edən gərginliyin artıq texniki fikir ayrılığını aşaraq institusional güc mübarizəsinə çevrilməsi olub. Müzakirələrin mərkəzində isə FIFA-nın isveçrəli prezidenti Canni İnfantino dayanır. Məsələ elə həddə çatıb ki, Avropa Parlamenti də prosesə müdaxilə edib. Gərginliyin bu səviyyəyə yüksəlməsinə səbəb kimi isə 2026-cı il dünya çempionatında baş verdiyi bildirilən hadisələr göstərilir.
"Hüquqi qərardır" dedilər, amma heç kim inanmadı
ABŞ ilə Belçika arasında keçirilən 1/8 final oyunu ərəfəsində ABŞ millisinin hücumçusu Folarin Baloqun qırmızı vərəqəyə görə cəzalı idi. Lakin ABŞ Prezidenti Donald Trampın Canni İnfantino ilə görüşündən sonra FIFA-nın İntizam Komitəsinin cəzanı müvəqqəti dayandıraraq futbolçunun Belçikaya qarşı meydana çıxmasına icazə verdiyi iddia olunur.
FIFA bu addımı hüquqi qərar kimi əsaslandırsa da, qərarın qəbul edilmə vaxtı və siyasi təsir iddiaları dünya futbolunda ciddi narazılığa səbəb olub.
Ən sərt reaksiya UEFA-dan gəldi
Baloqunla bağlı qərara ən sərt etiraz UEFA prezidenti Aleksander Çeferindən gəlib. O, qərarı "anlaşılmaz və qəbuledilməz" adlandıraraq bildirib ki, FIFA artıq futbolun əsas prinsiplərindən uzaqlaşır.
Çeferin bununla kifayətlənməyərək FIFA-ya müraciət edib: "Artıq qırmızı xətti keçmisiniz". Onun sözlərinə görə, iki qurum arasında uzun illərdir davam edən problemlər indiyədək müəyyən qədər ört-basdır edilsə də, Baloqun hadisəsi dönüş nöqtəsinə çevrilib.
"FIFA-nın müstəqilliyi sual altındadır"
FIFA-nın genişləndirilmiş Klublararası Dünya Çempionatı layihəsi, beynəlxalq oyun təqviminin getdikcə sıxlaşması, qurumun kommersiya gəlirlərini artırmaq məqsədilə UEFA-nın iqtisadi fəaliyyət sahəsinə daxil olması, həmçinin Canni İnfantino ilə Aleksander Çeferin arasında şəxsi və səlahiyyət mübahisələri yenidən gündəmə gəlib.
Böhran artıq futbol çərçivəsini aşaraq siyasi müstəviyə də keçib. Avropa Parlamentinin 70-dən çox üzvü Canni İnfantino barəsində araşdırma başlanmasını tələb edib.
Gözlər FIFA-nın digər üzv ölkələrinə çevrilib
Avropa Parlamentində irəli sürülən təşəbbüsdə siyasi müdaxilə iddialarının araşdırılması və FIFA-nın müstəqilliyinin qiymətləndirilməsi tələb olunur.
Bu çağırışa Norveç, Belçika və Almaniya futbol federasiyaları da dəstək verərək qərarın futbolun etibarlılığına zərbə vurduğunu bildiriblər.
FIFA ilə UEFA arasında davam edən güc mübarizəsinin taleyini isə görünür, FIFA-nın digər üzv assosiasiyalarının nümayiş etdirəcəyi mövqe müəyyən edəcək.
Aydın
Şərhlər