İdman 12:56 24.01.2022

İngiltərə Premyer Liqasına COVİD-19-la bağlı yeni qaydalar gəlir

İngiltərə Premyer Liqasında COVİD-19-la bağlı yeni qaydaların qəbul olunması ilə bağlı müzakirələr başlayıb.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb pandemiya üzündən təxirə salınan matçlarının sayının çox olmasıdır. Bu, həm də azarkeşlərin qəzəbinə səbəb olduğundan Premyer Liqada yeni qaydalar tətbiq edilə bilər.

Bundan sonra hansısa oyunun təxirə salınması üçün komandalar heyətlərində dörd müsbət test nəticələrini sübut kimi göstərməli olacaq. Bu minimum tələbdir. Yəni, oyunun təxirə salınması üçün ən azı dörd müsbət test nəticəsi tələb ediləcək. 

Hazırda matçın təxirə salınmasını istəyən tərəflər zədələr və milli komandada olmama halları nəzərə alınmaqla, 13 boş oyunçu yeri və bir qapıçı olmadığını göstərməlidir.

Məsələ ilə bağlı artıq Premyer Liqa klublarından 18-nin razılığının alındığı bildirilir. Yeni qaydaların yaxın günlərdə, hətta qış fasiləsindən sonra qüvvəyə minə biləcəyi deyilib.

Digər tərəfdən danışıqlar zamanı diqqəti cəlb edən bir məsələ isə hüquqi addımların atılması perspektividir. Mövsümün ortasında hansısa qayda dəyişikliyi, uyğunsuzluq və ədalətsizlik Premyer Liqaya etiraz etmək üçün hüquqi əsas yaradacaq. "Mail on Sunday"ın xəbərinə görə, yeni qaydalar tətbiq olunarsa artıq təxirə salınmış matçlarda uyğunsuzluq yarandığını düşünən klublar dəymiş ziyanı tələb edə bilər. 

Hələ ki, Premyer Liqanın təşkilatçıları məsələyə dair açıqlama verməyib.

Səbuhi Həsənov