Xəbər lenti

Çingiz Sadıxovun cənazəsi Bakıya gətirilir
Sənət 17:45 10.01.2018

Çingiz Sadıxovun cənazəsi Bakıya gətirilir

Amerika Birləşmiş Ştatlarında vəfat etmiş tanınmış azərbaycanlı pianoçu, Xalq Artisti Çingiz Sadıxov Bakıda dəfn ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, Prezidenti İlham Əliyevin göstərişinə əsasən, görkəmli musiqiçinin nəşi vətənə gətiriləcək və Bakıda, ikinci Fəxri xiyabanda torpağa tapşırılacaq. Hazırda aidiyyəti dövlət qurumları bununla bağlı təşkilati işləri həyata keçirirlər.

Çingiz Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub. Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, FidanXuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 nömrəli musiqi məktəbinin direktoru, "Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb və 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->