Xəbər lenti

İnsan orqanizmi hər 7 ildən bir tamamilə yenilənə bilərmi? - Alimlərdən cavab
Sağlamlıq 19:55 03.02.2025

İnsan orqanizmi hər 7 ildən bir tamamilə yenilənə bilərmi? - Alimlərdən cavab

İnsan orqanizmindəki bütün hüceyrələrin hər 7 ildən bir tamamilə yeniləndiyi fikri elmi cəhətdən dəqiq deyil. Alimlər bu prosesin əslində daha mürəkkəb olduğunu bildirirlər. 7 ildən bir hüceyrələrin tam yenilənməsi ilə bağlı mif elm adamları tərəfindən təkzib edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IFL Science" məlumat yayıb.

Hüceyrələrin hər 7 ildən bir dəyişməsi ideyası 2005-ci ildə aparılan elmi araşdırmadan sonra ortaya çıxıb. Həmin tədqiqatda hüceyrələrin yaşını müəyyənləşdirmək üçün yeni metodikadan istifadə edilib. İşin həmmüəlliflərindən biri, Karolinska İnstitutunun kök hüceyrələr üzrə mütəxəssisi Yonas Frisen, yetkin insan hüceyrələrinin orta yaşının 7-10 il arasında dəyişə biləcəyini irəli sürüb.

Müasir alimlər bildirirlər ki, əgər bütün hüceyrələr eyni quruluşa malik olsaydı və eyni funksiyaları yerinə yetirsəydi, onların sinxron şəkildə yenilənməsindən danışmaq mümkün olardı. Lakin insan orqanizmində müxtəlif növ hüceyrələr mövcuddur və onların hər biri fərqli dövriliklə yenilənir:

* Mədə selikli qişasını örtən hüceyrələr hər 2-3 gündən bir dəyişir, çünki onlar aqressiv mədə mühitinə məruz qalırlar.
* Həzm sistemindəki hüceyrələr nisbətən uzunömürlüdür - təxminən 4-5 gün yaşayır. Bu hüceyrələr bədənin hüceyrə yenilənməsinin böyük bir hissəsini təşkil edir, çünki insan orqanizmi gündə təxminən 300 milyard hüceyrə itirir.
* Qırmızı qan hüceyrələri (eritrositlər) təxminən 120 gün fəaliyyət göstərir.
* Sinir sisteminin əsasını təşkil edən neyronlar isə, əgər zədələnməsələr, ömür boyu qala bilirlər.

Beləliklə, orqanizmdə hüceyrələrin yenilənməsi fasiləsiz şəkildə baş verir, lakin hər bir hüceyrə tipi üçün bu müddət fərqlidir. Buna görə də, bütün hüceyrələrin 7 ildən bir tam dəyişməsi ilə bağlı fikir elmi baxımdan səhv hesab edilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->