Xəbər lenti

İnsanlar ailə şənliyi şəkilində toy mərasimlərini keçirə bilərlər (AÇIQLAMA)
Ölkə 09:59 19.09.2020

İnsanlar ailə şənliyi şəkilində toy mərasimlərini keçirə bilərlər (AÇIQLAMA)

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev sualları cavablandırıb.

Qaynarinfo Teleqraf-a istinadən həmin müsahibəni tədqim edir:

- Musa müəllim, pandemiya dövrünün reallıqlarını və postpandemiya dövrünün tələblərini necə şərh etmək olar?

- Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da sosial-iqtisadi həyatda müəyyən düzəlişlər etməyə məcbur etdi. İqtisadiyyatın geriləməsi və sosial, iqtisadi fəallığın azalması müşahidə olundu. Zamanında ölkə rəhbərinin gördüyü tədbirlər nəticəsində vəziyyət nəzarət altında alındı. Eyni zamanda pandemiyadan sonra iqtisadiyyatı canlandırmaq üçün dövlətin xüsusi bir proqramı olacaq. Çünki pandemiya şəraitində bir sıra proqramlar məhdudlaşdırıldı və təxirə salındı. Paralel olaraq dünyanın bir sıra ölkəsində iqtisadi fəallığın azalması, ticarət dövriyyəsinin aşağı düşməsi, istehsalın ləngiməsi insanların işsiz qalması riskini artırıb. Azərbaycanda da analoji proseslərin getmə təhlükəsi mövcuddur. Ona görə də məhz bu sahələr daha diqqətli və həssas yanaşma tələb edəcək. Ölkəmizdə kiçik və orta sahibkarlığa ciddi dövlət dəstəyi göstərilməlidir. Eyni zamanda iqtisadi liberallaşma meyilləri artırılmalıdır. Azərbaycanda idxalı əvəz edən məhsulların istehsalına üstünlük verilməlidir. Bu eyni zamanda yeni iş yerlərinin də formalaşmasına imkan yaradacaq. Paralel olaraq əlavə valyuta itkisinin də qarşısı alınmış olacaq. Bütün bunların fonunda isə pandemiya ilə müabarizə tədbirlərini ciddi şəkildə davam etdirməliyik. Çünki hələ də belə bir təhlükə var və ehtiyatı əldən vermək olmaz. Son günlər karantin qaydalarındakı yumşalmalar və aktiv həyat tərzi, sıx təmaslar yenidən virusun artmasına imkan yarada bilər. İnsanlarımız da karantinin rejiminin yumşalmasını virusun bitməsi kimi qiymətləndirməməlidirlər. Qarşıdan gələn nisbətən soyuq aylarda, xüsusən oktyabr və noyabrda insanların özlərini və ətrafdakıları təhlükədən qoruması a zəruridir. Bakıda sərin aylarda rütübətliliyin çox olması və nisbətən soyuq küləkli havalar virusun yayılması riskini artıra bilər.

- Bakıda nəqliyyat sıxlığı ilə bağlı müəyyən problemlər yaşandı. Sıxlığın qarşısını almaq üçün hansı addımlar atılmalı, dəyişikliklər edilməlidir?

- Şəhərdə mövcud nəqliyat sıxlığı narahatlıq yaradır. Xüsusən də metro və avtobuslarda sıxlığın qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir. Bakıda mövcud sıxlığının qarşısını almaq üçün müəyyən iş saatlarında zəruri dəyişikliyə ehtiyac var. Müəyyən iş saatlarını sürüşən rejimlə idarə edilməsi də mümkündür. Sıxlığın azaldılmasına xidmət edəcək ən zəruri addımlar atılmalıdır və bununla bağlı konkret fikir bildirilməlidir. Əsas şərt ondan ibarət deyil ki, Azərbaycanda bütün məktəblər və iş yerləri mütləq səhər saat 8-də açılsın. Müəyyən tədbirlər görülməlidir ki, insanların ictimai nəqliyyatdan daha az istifadəsinə zərurət yaransın.

- Bir sıra ölkələr ikinci dalğa ilə əlaqədar olaraq yenidən sərt karantin rejiminə qayıdıb. Azərbaycanda da yaxın vaxtlarda belə bir addım atılması mümkündürmü?

- Virus hazırda yox olmayıb. Ona görə də hər şey gözlənilə bilər. Bu virusla bağlı heç bir proqnoz vermək olmur. Sadəcə biz daha diqqətli və tədbirli olmalıyıq. İnsanların sıx təmasının qarşısını almaq üçün bütün zəruri addımlar atılmalıdır. Bakıda da əhali sıxlığı çox yüksəkdir. Ona görə də paytaxtda oktyabr-noyabr aylarında epidemiyanın təhlükəsi dərinləşə bilər. Amma bütün bunlara baxmayaraq, insanlar yenə də məsuliyyətli olmalıdırlar. Heç kim arxayın düşməməlidir ki, epidemiyanın pik dövrü başa çatıb. Yayılma ilə bağlı 2-3-cü dalğa da ola bilər. Eyni zamanda yoluxma ilə bağlı ikinci dalğa olsa belə, ölkəmiz bunu daha rahat keçirəcək. Çünki artıq bununla bağlı kifəyət qədər təcrübə toplanılıb. Cənab Prezidentin tapşırığı ilə yeni klinikalar, modul tipli xəstəxanalar tikilib istifadəyə verilib. Süni tənəffüs aparatlarının ölkəmizə gətirilməsi və digər zəruri tibbi avadanlıqların təminatı baxımından önəmli addımlar atılıb.

- Ölkədə virusa yoluxma sayının azalmasını nəzərə alaraq toy mərasimlərinin bərpası ilə bağlı qərar verilə bilər?

- Azərbaycanda toyların formatı dəyişməlidir. Artıq həmişəlik bu qaydalar qəbul olunmalıdır. Əvvəlki dövrlərdə olduğu kimi 300-400, hətta 1000 nəfərlik toy mərasimlərinin keçirilməsi düzgün deyil. Eyni zamanda ölkədə toyların formatı da nisbətən sadə bir tərtibə keçməlidir. Sadə tərtibdə toyların keçirilməsi mümkün ola bilər. Amma şadlıq evlərində kütləvi və təntənəli toyların keçirilməsi mümkün deyil. Qardaş Türkiyənin də bəzi şəhərlərində toyların keçirilməsi ilə bağlı qərar verildi. Amma burada qısa saat müddətində toyun baş tutması şərt kimi qoyuldu. Eyni zamanda bu tip toylarda yemək-içmək və müxtəlif təamların da verilməsi qadağan edilmişdi. Sonradan yoluxmada artım olduğuna görə onu da qadağan etdilər. Ona görə də bundan sonra ölkəmizdə toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar.

- Bəs toyların uzun müddətdir qadağan olunması ölkədə demoqrafik vəziyyətə mənfi təsir göstərə bilərmi?

- Toyların keçirilməməsinin demoqrafik vəziyyətə bir o qədər də təsiri olmayacaq. Çünki statistikaya əsasən uşaqların 70 faizi evliliyin ilk ilində deyil, sonrakı illərində dünyaya gəlir. Digər tərəfdən toyların qadağan edilməsi o demək deyil ki, insanların ailə qurmasına da məhdudiyyət qoyulub. İnsanlar yenə də öz ailə həyatlarını qura, ailə şənliyi şəkilində də toy mərasimlərini keçirə bilərlər. Əslində bu addımları daha çox təbliğ etmək və stimullaşdırmaq lazımdır.

- Pandemiya bir sıra sahəni arxa plana keçirdi. Yeni iqtisadi, sosial yanaşmalar nədən ibarətdir?

- Pandemiya şəraiti bir daha göstərdi ki, müasir elektron, rəqəmsal texnologiyalar bugünkü günümüzün tələbatıdır. Artıq biz də həyatımızı bu istiqamətdə qurmalıyıq. Elekton qaydada idarəetmənin və xidmətlərin göstərilməsi qaydaları daha da inkişaf etdirilməlidir. Mövcud təhsil və tədrisi bu müstəviyə uyğunlaşdırmalıyıq. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət bu məqamda da özünü açıq göstərmiş oldu. Elektron hökumətin qurulması ilə bağlı ölkə başçısının sərəncamı mövcuddur. Məhz bu sərəncamın bariz nümunəsi ASAN xidmət, DOST xidməti sistemləridir. Sosial xidmətlərin göstərilməsində elekton hökumətin iş istiqaməti daha da genişlənib. Bu gün məhz mövcud reallıqlara uyğun işlər həyata keçirilirsə, bu, zamanında yaradılmış elektron hökumət layihəsinin nəticəsində mümkün olub. Bundan sonra internet şəbəkələrinin daha da sürətli, əlçatan olması zəruridir. İnternetin qiymətinin aşağı düşməsi, xüsusən də rayonlarda və kənd yerlərində internetin daha keyfiyyətli tətbiqi ilə bağlı işlər görülməlidir. Digər bir məsələ isə karantin şərtlərinə uyğun xidmətlərin qurulması ilə bağlıdır. İctimai iaşə obyektlərində xidmətin keyfiyyətinin artırılması da zəruridir. Bu da kütləvi təmasların azalmasına zəmin yaradacaq.

- Azərbaycanda pandemiya dövründə daha çox hansı sahələr üzrə problemlər özünü qabarıq göstərdi?

- Sözsüz ki, problemlər var. Bu dönəmdə də üzə çıxanları oldu. Sərnişindaşıma ilə bağlı məsələlərin lazımi səviyyədə təşkil edilməməsi özünü qabarıq göstərdi. Bakı Nəqliyyat Agentliyinin işinin arzuedilməz səviyyədə qurduğu üzə çıxdı. Metro fəaliyyətini dayandırdı. Bundan sonra BNA tərəfindən heç bir ehtiyat tədbirləri görülmədi. Eyni zamanda ölkədə mövcud internet şəbəkələri ilə bağlı da ciddi problemlər oldu. İnternetin səviyyəsi olduqca arzuedilməz bir göstəricidə idi. Xüsusən də rayonlarda, qəsəbələrdə, kənd yerlərində internetin səviyyəsi ilə bağlı problemlər çox oldu. Eyni zamanda xidmət mədəniyyətinin lazımi səviyyədə olmamasını da ictimaiyyətimiz görmüş oldu. Karantin rejimi olmasına baxmayaraq, bəzi iaşə müəssisələri qaydaları pozaraq heç bir önləyici tədbir görmədi. Hələ də bu sahədə problemlər qalmaqdadır. Paralel olaraq qeydiyyatın aparılması ilə bağlı da problemlər üzə çıxdı. Xüsusilə aprel ayındakı karantin dövründə 190 manatlıq müavinətlərin verilməsi ilə bağlı qeydiyyatın dəqiq aparılmaması problemləri açıq görünməyə başladı. Məlum oldu ki, çox insanın qeydiyyatı dəqiq aparılmayıb. Bu da sonradan narazılıqlara səbəb oldu.

- Əsas yükü üzərində daşımalı olan ölkə səhiyyəsi mövcud vəziyyətə adekvat ola bildimi?

- Səhiyyə ilə bağlı da bir sıra problem ortaya çıxdı. İlk növbədə kadr ehtiyatı ilə bağlı məsələlər daha qabarıq şəkil aldı. Bu səbəbdən də ölkəmizə digər ölkələrdən həkim mütəxəssislər dəvət edildi. Çünki bunlar öncədən nəzərdə tutulmalı, hazırlanmalı idi. Ən azı ölkə səhiyyəsi fövqəladə bir vəziyyətin olması şəraitində buna adekvat olmağı bacarmalıydı.

- Koronavirus testinin qiymətləri ilə bağlı narazılıqlar var. Vahid tarifin müəyyənləşməsi mümkündürmü?

- Koronavirus testlərinin aparılması qaydaları da müəyyənləşib. Doğrudur, ölkədə koronavirus testinin qiymətlərinin bahası olması faktı var. Eyni zamanda burada özəl sektor da müəyyən qədər öz məsuliyyətini dərk etməlidir. Hər şeyi dövlətin üzərinə yıxmaq olmaz. Bu baxımdan da testlərlə bağlı qiymət siyasətinə yenidən baxmaq zərurətə çevrilib.Teleqraf

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->