Xəbər lenti

İnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?
Dünya 23:59 19.07.2026

İnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?

Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur.
 
Qaynarinfo xəbər verir ki, "Verywell Mind” portalının ekspertləri insanların söhbət zamanı niyə göz təmasından yayındığını və bunun psixoloji baxımdan nə ifadə edə biləcəyini izah ediblər.

Göz təmasından yayınmağa səbəb olan amillər

"SAGE Publications” jurnalında dərc olunmuş araşdırmaya görə, təbii göz təması quran insanlar daha etibarlı, özünəinamlı, ağıllı və ünsiyyətə açıq təsir bağışlayırlar. Bir çoxları üçün həmsöhbətin gözlərinə baxmaq narahatlıq yaratsa da, baxışları davamlı şəkildə yayındırmaq insanlar haqqında mənfi fikir formalaşdıra və etibarlı münasibətlərin qurulmasına mane ola bilər.

Bununla belə, söhbət zamanı göz təmasından yayınmağın dəqiq səbəbini hər zaman müəyyən etmək mümkün deyil. Bu, utancaqlıq, narahatlıq, həyəcan və ya çəkingənliklə bağlı ola bilər. Yəni təkcə göz təmasından qaçmaq insanın nəyisə gizlətdiyi və ya qeyri-səmimi olduğu anlamına gəlmir.

Məsələn, kişi söhbət zamanı qadının gözlərinə baxmırsa, bu, ona qarşı hisslərindən doğan xəcalət və ya ümumi narahatlıqla əlaqədar ola bilər.

Bəzən isə insan qarşısındakının gözlərinə deyil, alnına, əllərinə, geyiminə və ya üzünün digər hissələrinə baxır. Psixoloqlar bildirirlər ki, bunun əsasən iki səbəbi var: ya bu yolla söhbətə daha yaxşı diqqət yetirmək və qarşı tərəfi daha diqqətlə dinləmək istəyir, ya da birbaşa göz təmasından yayınarkən baxışlarını tamamilə başqa istiqamətə çevirməməyə üstünlük verir.

Sağlam göz təmasını necə qurmaq olar?

Yaxşı göz təması o demək deyil ki, insan fasiləsiz şəkildə qarşısındakının gözlərinə baxmalıdır. Əsas məsələ baxışların təbii və rahat görünməsidir.

Oksford Universitetinin araşdırmasına görə, göz təması təkcə qarşılıqlı hörmət atmosferi yaratmır, həm də emosiyaların sözsüz ifadə olunmasına kömək edir. Buna görə də bu bacarıq həm şəxsi, həm də peşəkar ünsiyyətdə mühüm əhəmiyyət daşıyır.

Mütəxəssislər göz təmasını inkişaf etdirmək üçün 50/70 qaydasını tövsiyə edirlər: danışarkən vaxtın təxminən 50 faizi, dinləyərkən isə təxminən 70 faizi ərzində göz təmasını saxlamaq məqsədəuyğun hesab olunur.

Əgər həmsöhbətiniz gözlərinizə baxmırsa, onun baxışını israrla tutmağa çalışmayın. Bunun əvəzinə üzünə və ya ümumi istiqamətinə baxmaq kifayətdir. Ünsiyyəti baş hərəkəti, təbəssüm və yüngül şəkildə irəli əyilmə ilə dəstəkləmək söhbəti daha təbii və rahat edir.

Nəticə etibarilə, insanın göz təmasından yayınması onun mütləq nəyisə gizlətdiyi anlamına gəlmir. Əgər bu xüsusiyyət sizdə də varsa, onu dəyişdirilməsi mümkün olmayan bir vərdiş kimi qəbul etməyə ehtiyac yoxdur.
 
Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->