Müasir dövrdə şəxsi məlumatların yayılması bir neçə klik məsafəsindədir. Psixoloqlar isə xəbərdarlıq edir: sosial şəbəkələrdə və ya yaxın dostlarla belə paylaşdığınız informasiyalar emosional travmaya, etimadın itirilməsinə və ya manipulyasiyalara səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, "Parade" nəşri mütəxəssislərin tövsiyəsi əsasında gizli saxlanması tövsiyə olunan 11 şəxsi məsələni təqdim edib.
1. Uşaqların şəkilləri
Psixoloq Can Miller bildirir ki, uşaqların fotolarını paylaşarkən onların üzlərini bulanıq göstərmək və ya əvvəlcədən razılıq almaq daha doğrudur. Bu, həm təhlükəsizlik, həm də şəxsi sərhədlərə hörmət baxımından vacibdir.
2. Ünvan və telefon nömrəsi
Bu məlumatların açıqlanması şəxsiyyət oğurluğu, maliyyə fırıldaqları və spam hücumları riskini artırır. Əgər sizdən bu məlumat istənilirsə, onun məqsədini və necə istifadə olunacağını soruşmaq tövsiyə olunur.
3. Parollar və giriş məlumatları
Psixoloq Holli Şiff qeyd edir ki, hətta yaxın dostlara belə parolların verilməsi məxfiliyin pozulması, şəxsi hesabların itirilməsi kimi ciddi nəticələr doğura bilər. Hətta yaxşı niyyətli insanlar belə bu məlumatdan ehtiyatsızlıqla istifadə edə bilər.
4. Psixoloji vəziyyət
Məxfi və həssas bir mövzu olan psixi sağlamlıq barədə məlumatları yalnız güvəndiyiniz şəxslərlə paylaşmaq tövsiyə olunur. Çünki bu informasiyanın geniş yayılması sizə qarşı istifadə oluna bilər.
5. Şəxsi söhbətlərin detalları
Başqasının sizə etibar edib paylaşdığı şəxsi mövzuları üçüncü şəxslərə ötürmək, etimadın pozulması və münasibətlərin zədələnməsi ilə nəticələnə bilər.
6. Karyera planları
Əgər iş yeri dəyişmək və ya yeni layihəyə keçmək niyyətindəsinizsə, bu barədə məlumatları geniş şəkildə yaymaq işəgötürənlərdə və müştərilərdə narahatlıq yarada bilər. Psixoloq Mişel Leno bildirir ki, bu cür planlar səhv başa düşülə bilər.
7. Münasibətləri bitirmə planları
Əlaqələri sonlandırma qərarları şəxsi və həssas mövzudur. Əgər bu qərar barədə vaxtından əvvəl danışsanız, dostlar və ailə sizi daim izah verməyə məcbur edə bilər.
8. Kiminsə xoşunuza gəlməməsi
Əgər biri sizə simpatiya oyatmırsa belə, bu barədə hər kəsə danışmaq lazım deyil. Çünki həmin şəxs başqaları üçün önəmli biri ola bilər və bu münasibətləri zədələyə bilər.
9. Başqasının valideynlik üsulları barədə fikirlər
Valideynlik tərzi barədə irad və ya tövsiyələr qəbul olunmamaq, hətta müdafiə reaksiyası doğurmaq riski daşıyır. Hətta fikriniz soruşulsa belə, diqqətli və hörmətli yanaşmaq tövsiyə olunur.
10. Siyasi baxışlar
Siyasi fikirlərinizi paylaşmaq təbii olsa da, bu, tez-tez gərgin mübahisələrə və sosial narahatlıqlara yol aça bilər. Xüsusilə sosial şəbəkələrdə bu mövzuların paylaşılması qarşılıqlı hörməti poza bilər.
11. Sizi narahat edən hər hansı şəxsi məlumat
Əgər hansısa məlumatı paylaşmaqda özünüzü narahat hiss edirsinizsə, bunu etməmək haqqınız var. Hətta sosial mediada trend olsa belə. Can Miller bildirir:
"Şəxsi məlumat paylaşdıqdan sonra artıq onun üzərində nəzarət sizə aid olmur. Ona görə də, məlumat paylaşmadan əvvəl etibar etdiyiniz insanları və şəxsi sərhədlərinizi müəyyənləşdirin".
Aydın
Şərhlər