Xəbər lenti

İntihar edən Hacı Məmmədov kim olub? – Cinayət tarixçəsi
Ölkə 09:39 04.12.2017

İntihar edən Hacı Məmmədov kim olub? – Cinayət tarixçəsi

Daxili İşlər Nazirliyinin (DİN) 12 il həbsdə olan sabiq baş əməliyyat müvəkkili, "Qara kəmər” əməliyyatının "qəhrəman”ı Hacı Məmmədov dünən intihar edib. 

Qaynarinfo xəbər verir ki, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq, həyatına qəsd edib.

Məlumat Xəzər Rayon Prokurorluğu tərəfindən təsdiqlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. H.Məmmədovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Hazırda  araşdırma aparılır.

H.Məmmədovun bundan öncə də canına qəsd etdiyi, ölümcül xəstəliyə tutulması haqda müxtəlif məlumatlar yayılmışdı. Sonradan bu xəbərlər öz təsdiqini tapmamışdı. 

Sabiq baş əməliyyatçı həbsdə olduğu 12 il ərzində ailəsi ilə görüşməkdən imtina edərək yaxınlarından və vəkilindən öz döndərmişdi. Son bir neçə ilədək Hacı Məmmədovla bağlı məlumatları yalnız mərhum Elçin Behbudov mətbuata açıqlayırdı. Behbudovun ölümündən sonra Hacı Məmmədov haqda nadir hallarda hansısa məlumata rast gəlmək mümkün idi.

H.Məmmədov Azərbaycanda ən qatı cinayətkarlardan hesab olunurdu. O, 12 il öncə - 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. Məlum olub ki, Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çoxsaylı qətllər, adam oğurluğu və bu kimi qanlı cinayətlərdə əli olan mütəşəkkil dəstəyə rəhbərlik edib. Onun sifarişi ilə dəstə üzvləri tərəfindən bir neçə nəfərin amansızlıqla qətlə yetirildiyi araşdırma zamanı üzə çıxıb. 

2005-ci ilin fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanması ilə Məmmədov və dəstəsi ifşa edilib.

Cinayətkar qrup H.Məmmədovun göstərişi ilə bankirin həyat yoldaşı Z.Hacıyevanı külli miqdarda pul əldə etmək məqsədilə qaçırıb. Məhkəmədə verdikləri ifadələrə görə, məqsəd Cahangir Hacıyevdən bir neçə milyon alıb, sonradan xanımını azad etmək olub. 

Hadisə barədə MTN-ə məlumatın verilməsi Hacıyevin planlarını alt-üst edib. MTN mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

Dəstə üzvləri və general Z.Nəsirov məhkəmənin hökmündən sonra cəzaçəkmə müəssisələrinə köçürülsə də, H.Məmmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində saxlanlıb. 

Z. Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb. 

H.Məmmədov isə 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->