İran: naməlum istiqamətdə daha bir addım...

İran: naməlum istiqamətdə daha bir addım...

Hüseynbala Səlimov

İndiki qonşu iranlıları Siziflə müqayisə etməkdən çox uzağam. Həm də bu, çox çətin bir məşğuliyyət olardı. 

Ona görə ki, Sizif Tanrıların buyurduğunu yox, özünün bildiyini edirdi və bunun üçün də Prometeydən sonra ən ağır cəzaya layiq bilinmişdi: o, daşı yuxarı qaldırır, amma daş da hər dəfə dığırlanıb yerə düşürdü...

Fəqət, çox az da olsa, iranlılarla Sizif arasında bir oxşarlıq da var: vaxtaşırı İran dini rəhbərləri elan edirər ki, camaat, bəs ölkədə növbəti prezident seçkisi keçirləcək, diqqətli olun və seçkilərdə iştirak edin. Amma özləri əvvəlcə yüzlərlə namizədin sırasından az qala zərrəbinlə beç-üç nəfəri seçirlər ki, bu insanlar prezident olacaqları təqdirdə ruhani rejiminin əsasları üçün təhlükə yarda bilməsinlər.

İranlılar həm ona görə Sizifə oxşayırlar (həm də oxşamırlar ki!) hər dəfə ruhani elitasının seçdiklərinin sırasından özlərinə prezident seçmək üçün bir gün iş-güclərini atıb seçkilərə gedirlər. Dünya əhli də onları bir az qızışdırır: "mühafizəkarlar və islahatçılar” haqda köhnə saqqızı dövriyyəyə buraxırlar ki, görək, İranda bunlardan hansı seçiləcək? Sanki kimsə ruhani elitasının gözündən yayınıb namizədlər siyahısına düşə bilər! Səhv etmirəmsə, İran bu dəfə on üçüncü prezidentini seçirdi və on dəfə belə hal olmamışdısa, kim deyə bilər ki, bu dəfə və ya bundan sonra belə ola bilər?
Odur ki, yeni seçilmiş prezident İ.Rəisi mənim üçün nə mühafizəkardır, nə də ki, islahatçı, o, İran rejiminə xidmət etmiş və bundan sonra da xidmət edəcək bir adamdır.

İllər keçir, siyasi səhnəyə yeni-yeni prezidentlər gəlir, artıq onların vədləri də biri–birinə bənzəyir: nüvə sövdələşməsi və islam inqilabının nəticələrini daha da dərinləşdirmək!

Əvvəlcə, nüvə məsələsi haqqında. Dünyada Şimali Koreya rejimindən gülünc rejim yoxdur, hətta Tehran rejimi ona baxanda üzübəri və demokratikdir. Amma quzey koreyalılar nəinki atom, hətta nüvə bombasını belə hazırlaya biliblər. İran rejimi isə bərqərar olandan belə bu arzuda vurnuxur, halbuki dünyaya baxsalar görərlər ki, irəli çıxmağın və öndə olmağın başqa sivil yolları da var. Bəli, iranlı siyasətçilər belə iddia edə bilər ki, nüvə silahı milli təhlükəsizlik üçün böyük təminatdır! Ümumi halda belədir, amma böyük müharibələr olmasa da, kiçiklər baş verir və Tehran da bu kiçik müharibələrdən hifz olunmayıb.

O ki qaldı islam inqilabının nəticələrinin daha da dərinləşməsinə, biz müsəlmanlar haradasa avropalı xristianların yolunu təkrar edirik – bəli, onları da bir vaxt papalar və yepiskoplar edir, inkvizisiya məhkəməsinə çəkir, tonqallarda yandırır, yaxşı mükafat müqabilidə hətta cənnətə vəsiqə də verirdilər. 
Zaman keçdi, iki avropalı xristian – Lüter və Qus başa düşdülər ki, xristianlıqda islahata ehtiyac var, çünki papaların və yepiskopların hakimiyyəti heç bir halda Tanrının hakimiyyəti kimi qələmə verilə bilməz. Beləcə, Avropada reformasiya başladı. Təəssüf ki, Şərqdə hələ də bu, baş verməyib, halbuki bu haqda hələ M.Axundzadə öz "Məktublar”ında yazırdı. İndi hamı deyir ki, İran guya İslam İnqilabı ölkəsidir! Amma heç kim demir ki, İran inqilabına qədər məgər islam yox idi? Məgər müsəlman yox idi? Nə olmuşdu bizim dinimizə ki, qırx il bundan əvvəl ruhanilər belə qərar verdi ki, bu ölkədə islam inqilabı olmalıdır?
Odur ki, bəndəniz nə dəyişən iranlı prezidentlərə inanır, nə də onları guya təhdid edən ABŞ dövlət başçılarına. 

Bəzən bizə elə gəlir ki, bunlar siyasi əkizlər kimi bir şeydir - biri olmasa, o birisi üçün də çətin olar. 

O səbəbdən ki, bu siyasətçilər tayfası təhlükə olmadan, hiss etmədən yaşaya bilmirlər: iranlılar üçün ABŞ təhlükəsi və amerikalılar üçün də İran təhlükəsi! Tək bu yetər ki, milyardları hərbi xərclərə yönəldəsən...
 


X
XƏBƏRLƏR
BLOGLAR